“Qəbələ” Rusiya klubuyla qarşılaşacaq

Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında 3-cü sınağına çıxacaq. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Rusiya təmsilçisi “Fakel”lə görüşəcək.

Oyun “Arcadia” otelinin meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

1947-ci ildə yaranan Voronej təmsilçisi hazırda Rusiya çempionatının 1-ci divizionunda çıxış edir. Ötən mövsüm 20-ci yeri tutan “Fakel” cari çempionatın qış fasiləsinə 14-cü pillədə yollanıb.

“Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb.

Yoxlama oyunu

24 yanvar

18:00. Qəbələ – Fakel (Rusiya)

“Arcadia” meydançaları