“Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

“Qəbələ”nin U-11 komandası Polşanın Krakov şəhərində keçirilən “Murapol Cup” turnirində mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, ilk yarış günündə öncə yerli “Yagelloniya”ya 0:1 hesabı ilə uduzan “Qəbələ”, növbəti matçda daha bir Polşa komandası ilə görüşüb. Bu dəfə Uğur Kişiyev və Hüseyn Xasməmmədlinin qolları “Qəbələ”yə “Lexiya” üzərində qələbə qazandırıb – 2:0.

Hollandiya “Heerenveen”i ilə qolsuz bərabərlikdən sonra rəqib ABŞ təmsilçisi “Çikaqo İqls” olub. Çoxsaylı imkanlardan, həmçinin penaltidən yararlana bilməyən Azərbaycan təmsilçisi bu rəqibinə minimal hesabla uduzub – 0:1. Günün sonuncu matçına yorğun çıxan “Qəbələ” futbolçuları “Mançester Yunayted”ə də müqavimət göstərə bilməyiblər – 0:2.

Beləliklə, “Qəbələ” 4 xalla qrup mərhələsini 5-ci pillədə tamamlayıb. “Yagelloniya” (13 xal), “Heerenveen” (10), “Mançester Yunayted” (7) və “Çikaqo İqls” (6) 1/4 finala vəsiqə qazanıblar.

Sabah 9-12-ci yerlər uğrunda mübarizədə “Qəbələ”nin ilk rəqibi “Rux” (Polşa) olacaq.