Elmar Baxşıyev: “Qəbələdəki qış hazırlığından məmnun qaldıq”

“Qəbələ” mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışın Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələsini başa vurub. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev yanvarın 5-də start götürən toplanış barədə fikirlərini klubun saytına açıqlayıb:

“Qəbələdəki qış hazırlığından məmnun qaldıq. Burada təlim-məşq toplanışı üçün hər bir şərait var. Antalyadan yeganə fərqi yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır.

Ümumilikdə, futbolçular üzərinə düşəni səylə yerinə yetirdilər. Onların işə yanaşması məşqçilər korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik. Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malik futbolçulardır. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.

41 yaşlı mütəxəssis hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də fikirlərini bildirib:

“Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş tutacaq. Bu mikro tsikl ilə “Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.