“Qəbələ” 3 hissəlik oyunda uduzdu

Yanvarın 13-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” Antalya toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Antalyada ilk yoxlama oyununu keçirib. “Qəbələ” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıb.

Görüş “Papilon otelinin meydançaları”nda baş tutub. Sənan Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Voyislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Ürfan Abbasov, Sabien Lilay.

Komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki bölümündə qapılara qol vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qırmızı-qaralar”ın heyətində Anar Nəzirov, Murad Popov, Amin Seydiyev, Rasim Ramaldanov, Rövlan Muradov, Davit Volkovi, Qismət Alıyev, Roman Hüseynov, həmçinin baxışda olan braziliyalılar Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Neves meydana daxil olublar. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurub. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Azərbaycan təmsilçisinin heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

Xatırladaq ki, “Qəbələ” Antalyada növbəti oyununu yanvarın 20-də keçirəcək. “Qırmızı-qaralar”ın rəqibi Rusiya təmsilçisi “Yenisey” olacaq.

Yoxlama oyunu

16 yanvar

Qəbələ – Meppen 1:2