“PSJ və “Mançester Siti” daha yaxşı oynadı, amma…”

“Real”ın və “Barselona”nın keçmiş futbolçusu Mikael Laudrup Madrid klubunun Çempionlar Liqasının finalına yüksəlməsi haqda danışıb.

Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Laudrup “kral klubu”nun etdiklərini “inanılmaz” adlandırıb:

“Real”ın çox uzun və zəngin avropakubok tarixi var. Komandanın keçmişdə də gözəl geridönüşləri olub. Amma bu mövsüm baş verənlər inanılmaz görünür: 1/8 finalda, 1/4 finalda, yarımfinalda… Bu, üç dəfə ardıcıl baş verdi. PSJ və “Mançester Siti” daha yaxşı oynadı, amma yenə də finalda “Real”dır.

Söz tapmaq çətindir. Biz PSJ-ni, “Çelsi”-ni, indi də “Mançester Siti”ni gördük. Bütün bunlar təsadüf deyil”.

“Real” Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb. “Kral klubu” ÇL-in finalında “Liverpul”la qarşılaşacaq.