PSJ “Real”ın futbolçusunu istəyir

Canluici Buffonla yollarını ayırdığını açıqlayan PSJ qapıçı axtarışlarına başlayıb.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Paris təmsilçisinin ilk hədəfi “Real”ın qolkiperidir. Belə ki, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın növbəti mövsüm üçün planlarında yer almayan Keylor Navasın xidmətində maraqlı olan PSJ, ispanlara rəsmi təklif göndərməyi planlaşdırır.

“Real”ın 32 yaşlı “çərçivə qoruyucusu”nun transferi üçün problem yaratmayacağı və bu keçidin reallaşmaq ehtimalının yüksək olduğu bildirilir.

“Real”la 2020-ci ilədək müqaviləsi olan kosta-rikalı futbolçu, bu mövsüm iştirak etdiyi 21 oyunda 21 qol buraxıb, 7 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.