PSJ-nin futbolçusu Premyer Liqa klubunda

Fransa çempionu PSJ almaniyalı müdafiəçisi Tilo Kehrerlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı oyunçunu İngiltərənin “Vest Hem” klubuna satıb.

“Vest Hem” bu keçidə görə parislilərə 12 milyon avro ödəyəcək. Kehrer yeni klubu ilə 4+2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Kehrer Almaniyanın “Şalke” klubunun yetirməsidir. O, 2018-ci ildə 37 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu. Müdafiəçi Fransa klubunda 128 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Kehrer Almaniya yığmasında da 20 oyuna çıxıb.

PSJ gənc yarımmüdafiəçisi Natan Bitumazalanı da Belçikanın “Eupen” klubuna icarəyə verib. 19 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcək. Paris klubunun öz yetirməsi olan fransız yarımmüdafiəçi, ötən mövsüm əsas komandada da debüt edib.

“Vest Hem” də qapıçısı Jozef Ananqı “Derbu Kaunti”yə mövsümün sonuna kimi icarəyə verib. 22 yaşlı ingilis qolkiper ötən mövsüm “Steveneyc” və “Sent Patriks Atletik” klublarında da icarədə oynayıb.