PSJ-də yeni müqavilə

Fransa çempionu PSJ müdafiəçisi Markinyosla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yeni müqaviləyə əsasən, 25 yaşlı braziliyalı futbolçu 2024-cü ilin iyun ayının 30-na kimi Liqa 1 nəhənginin uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti isə 2022-ci ilin yayına qədər idi.

Markinyos bu mövsüm PSJ-də 25 oyuna çıxıb, 1 qola imza atıb. Onun komandası isə 20 turdan sonra 46 xalla liderdir.

Braziliya millisinin üzvü Paris klubuna 2013-cü ildə “Roma”dan, 31,4 milyon avroya transfer edilmişdi. O, bu komandada indiyə qədər 270 oyuna çıxıb, 20 qola, 7 məhsuldar ötürməyə imza atıb. Markinyos PSJ ilə 5 dəfə Fransa çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb.