Prosineçki? – Olmaz!

Rəşad Ergün

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib və iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə başa çatan müqaviləni yeniləməmək haqda qərar qəbul edilib.

İndi isə futbol ictimaiyyətini düşündürən əsas sual milli komandanın yeni baş məşqçisinin kim olacağıdır.

Hələ bir müddət əvvəl Komanda.az-da Yurçeviçlə yolların ayrılacağını, baş məşqçi postuna əsas namizədlərin Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkinin və “Keşlə”nin “sükanı arxasında” olan Tərlan Əhmədovun olduğunu yazmışdıq. Yəni AFFA rəhbərliyi də daha çox bu iki şəxsin namizədliyi üzərində düşünür.

Sosial şəbəkədə isə daha çox “Prosineçki” səsləri eşidilir. AFFA-nın baş katibi Elxan Məmmədov da bir müddət əvvəl qonaq olduğu verilişlərin birində milli komandanın Prosineçkili dövrünü nəzərdə tutaraq, toplanan xalların sayını fəxrlə səsləndirmişdi.

Doğrudanmı Prosineçki Azərbaycan milli komandası üçün ən uyğun, yaxşı namizəddir? Gəlin, faktlara, statistikaya baxaq.

Azərbaycan millisi xorvatiyalı mütəxəssisin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsində mübarizə apardı. Bəli, Elxan Məmmədov haqlıdır, milli komanda Prosineçkinin başçılığı altında həmin seçmə mərhələni 10 xalla tamamladı. Amma…

Amma bu 10 xaldan 6-sı Avropa futbolunun ən zəiflərindən, hətta bizdən də qat-qat zəif olan San Marino ilə iki oyunda əldə edildi. Bir də, Bakıda Norveç millisini minimal hesabla məğlub etdiyimiz qarşılaşma və Çexiya ilə səfərdə qolsuz bərabərlik var idi. Vəssalam, şüttəmam. San Marinodan alınan 6 xalı çıxsaq, əslində, Prosineçkili yığmanın qazancı 4 xal idi. O da kim nə deyir desin, həmin dövrdə yaxşı günlərini yaşamayan Norveçdən və Çexiyadan alınan xallar. Əvəzində Almaniya millisi bizi hər iki oyunda darmadağın etdi (1:5, 1:4). Şimali İrlandiya kimi ortabab, hətta ortababdan da zəif komandaya Bakıda uduzduq (0:1), səfərdə isə darmadağın edildik – 0:4.

İndi siz deyin, San Marinonu iki oyunda məğlub etdiyi üçün Prosineçkinin ətəyindən yapışmaq nə dərəcədə məntiqli, ağıllı addım olar? Və əlimizi vicdanımızın üzərinə qoyaq: Yurçeviçli milli komandanın da yer aldığı qrupda Xorvatiya, Slovakiya, Macarıstan, Uels kimi rəqiblərdən birinin əvəzində San Marino olsaydı, biz AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurardıqmı? Sadəcə, bir xorvatın bəxti gətirmişdi, digərinki gətirmədi.

Bunları yazırıq, yazırıq ki, sonra AFFA rəhbərliyi yenə başına döyməsin. Yazırıq ki, “Prosineçki” deyib, hay-küy salan adamlar sabah Azərbaycan millisi San Marinonun olmadığı, daha səviyyəli, güclü rəqiblərin olduğu qrupa düşüb biabır olanda, söyməyə başlamasınlar.

Azərbaycan milli komandasını yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır. Məsələn, vaxtı ilə yığmanın baş məşqçisi kimi Finlandiyanı məğlub etmiş, milliyə döyüşkənlik, mübarizə ruhu aşılaması ilə seçilən Şahin Diniyevə. Ya da Azərbaycan millisinin ruhuna, cisminə uyğun olan, müdafiə futbolu oynatmağı bacaran Tərlan Əhmədova. Robert Prosineçki yanlış seçim olar, bəylər. 10 xal, San Marino sizi aldatmasın!




Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button