“Premyer Liqada çalışmaq istəyirəm” – Poçettino

“Tottenhem”dən ayrıldıqdan sonra işsiz olan Maurisio Poçettino karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, yenidən Premyer Liqada çalışmaq istədiyini bildirib:

“Açığı, Premyer Liqada çalışmaq istəyirəm. Gözləməyin çətin olacağını bilirəm, amma gözləməliyik, daha sonra nələr olacağını görəcəyik. Hazırda gözləmək, özüm haqqında düşünmək və hazır olmaq zamanıdır. Çünki hər zaman futbolda nələrsə baş verir və sən buna hazır olmalısan. Hazıram və yeni çağırış gözləyirəm. Növbəti çağırışın fantastik olacağına inanıram.

“Tottenhem”də qazandıqlarımla qürur duyuram və ordakı karyeramı təhlil edərkən, çoxlu müsbət hadisələrin baş verdiyni görürəm. Klub üçün çox vacib bir anda təyinat aldım. Yeni stadionun tikilməsi, müxtəlif arenalarda oynamaq – yalnız futbolda çalışanlar bunun nə qədər çətin olduğunu bilir. Komandaya yeni fikirlər tətbiq etmək çox çətin idi, amma qazandığımız uğurlarla və komandanı fərqli səviyyəyə çatdırmaqla qürur duyuram. Ardıcıl 3-4 il Çempionlar Liqasında oynamaq, çempionatı “Arsenal”dan yüksək pillələrdə bitirmək bizim üçün böyük uğur idi”.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.