Premyer Liqada 60-cı səfər qolu

“Zirə” Azərbaycan Premyer Liqasında 60-cı səfər qolunu vurub.

Komanda.az xəbər verir ki, bu, cari mövsümün 4-cü turuna təsadüf edib.

“Sumqayıt”la rəqib meydanında keçirilən matçda vurulan ikinci qol yubiley xarakteri daşıyıb. “Qartallar”a 2:1 hesablı qələbə qazandıran topun müəllifi olan Şefik Tiqrudja komandanın səfərdəki 60-cı qoluna imza atıb.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən “Zirə” özünün ilk cəhdində də, 2017/18 mövsümündə də rəqib meydanında 15 qola imza atıb. 2016/17 mövsümündə 11 dəfə fərqlənən komanda ötən çempionatda daha çox – 17 səfər qoluna sevinib. Arxada qalan 4 çempionatdakı səfər görüşlərində 58 dəfə fərqlənən zirəli futbolçular “Sumqayıt”la qarşılaşmada bu rəqəmi 60-a çatdırıb. Mövsümün ilk səfər görüşündən – “Səbail”lə matçdan (0:1) qolsuz ayrılan “qartallar” “Sumqayıt Arena”da iki dəfə meydan sahiblərini məyus edib.

Səfərdəki 62-ci oyunda 60-cı qola imza atan komandanın məhsuldarlığı 0,97-yə bərabərdi.

Qeyd edək ki, “Zirə” Premyer Liqadakı ilk səfər qolunu 2015-ci il avqustun 16-da “Kəpəz”in qapısından keçirib. 1:1 hesabı ilə başa çatan görüşün 90+2-ci dəqiqəsində İqor İvanoviç qol sevinci yaşayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button