Premyer Liqa klubunu MLS təmsilçisinə dəyişdi

İngiltərənin “Kristal Pelas” klubu hücumçusu Kristian Benteke ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Belçika millisinin də üzvü olan 31 yaşlı futbolçu ABŞ-ın “DS Yunayted” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Təcrübəli hücumçu MLS klubu ilə 2.5+1 illik müqaviləyə imza atıb.

“DS Yunayted”i İngiltərə milli komandasının sabiq hücumçusu Ueyn Runi çalışdırır. Sözügedən klubun Benteke üçün “Kristal Pelas”a nə qədər məbləğ ödədiyi bilinmir.

Benteke karyerasının son 10 ilini məhz İngiltərə Premyer Liqasında keçirib. Daha öncə “Aston Villa” və “Liverpul”un uğurları üçün çalışmış futbolçu, 2016-cı ildən “Kristal Pelas”da idi. O, bu komandanın heyətində meydana çıxdığı 177 oyunda 37 qola imza atıb, 12 məhsuldar ötürmə müəllifi olub. Benteke Belçika milli komandasının heyətində meydana çıxdığı 45 matçda 18 qol vurub.