Premyer Liqa klubları meydana xüsusi formalarla çıxdılar

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun daha iki oyunu baş tutub.

Komanda.az xəbər verir ki, öncə “Neftçi” və “Sabah” 8-ci km stadionunda üz-üzə gəlib.

Qarşılaşma 18 oktyabr Azərbaycan dövlət müstəqilliyi günündə keçirildiyindən komandalar meydana xüsusi pankartla çıxıblar. Pankartda “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ifadəsi əks olunub.

Bu matçda da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək nümayiş olunub. Komandalar və hakimlər üzərində “Torpaq, əgər uğrunda ölən varsa vətəndir” sözləri və Azərbaycanın xəritəsi əks olunmuş xüsusi formalarla çıxıblar.

Turun son qarşılaşması – “Sumqayıt” – “Zirə” matçı üçün də xüsusi hazırlıq görülüb. Sumqayıtdakı oyuna hər iki komanda, həmçinin hakimlər briqadası Gəncənin “Kəpəz” klubunun forması ilə çıxıb. Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb. Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.