“Porsche”li arsızlar

Rəşad Ergün

Təkcə vəzifə başındakı rüşvətxor məmurların yox, müxalif düşərgədə olub, Avropada “mühacir alveri” ilə məşğul olan azərbaycanlıların da dini, imanı puldur. Bu gün vəzifədə olanları söyənlər sabah özləri vəzifə başına keçsə, bir rüşvətxoru, acgözü başqa biri əvəz edəcək, bu, dəqiqdir. Yəni, biz toplum olaraq pulgirik, azgözük, özümüz özümüzdən utanmalıyıq. Amma özümüz özümüzdən utanmırıq, olsa-olsa, bir ovuc azərbaycanlı milyonlarla azərbaycanlıya görə utanır, xəcalət çəkir.

Mən AÇ-2020-nin seçmə mərhələsində ölüm-zülüm bir xal toplayan, altında BMV, “Porsche”, “Prado” olan azərbaycanlı futbolçulara görə də utanıb, xəcalət çəkirəm.

Mahir Emreliyə, Araz Abdullayevə, Emin Mahmudova, Qara Qarayevə, Səlahət Ağayevə, Cavid Hüseynova görə utanıram, xəcalət çəkirəm.

Mən dünən Yunanıstanda öz həmyaşıdları ilə oyunda 1:6 hesabı ilə uduzan 17 yaşadək futbolçulardan ibarət milli komandamıza görə utanıram.

Boylanıb, Azərbaycan futbolunun gələcəyinə baxmaq istəyirəm. Əllərimlə üzümü qapayıram, barmaqlarımın arasından qorxa-qorxa baxıram gələcəyə. Orda vəhşət, dəhşət görürəm. Orda boşluq, bozluq, yoxluq, heçlik görürəm. Orda… Bu gün əzilən, əyilən, döyülən və bütün bunlar baş verərkən gönü qalınlaşan, sırtıqlaşan, altında bahalı avtomobillərlə arsız-arsız şütüyən bığlı-saqqallı futbolçuları görürəm.

Mən AFFA-nın vitse-prezidenti Elşad Nəsirova, onun Azərbaycan futbolunun boğazına keçirdiyi Elxan Məmmədova görə utanıb, xəcalət çəkirəm. O Elxan Məmmədov ki, 28 yaşından AFFA-nın baş katibidir və Azərbaycan futbolunun başına açmadığı oyun, həyata keçirmədiyi eksperiment qalmayıb. Və belə görünür, Azərbaycan futbolu ondan daha əvvəl öləcək… Öldürəcək.

Elxan Məmmədovun dalana dirənən kimi “mənlik deyil, qərarları AFFA İcraiyyə Komitəsi verir” deyib, aradan çıxmaq üçün dəhliz kimi istifadə etdiyi AFFA İcraiyyə Komitəsinin üzvlərinə görə utanıram, xəcalət çəkirəm.

Mən Azərbaycan futbolu can verdikcə, canı daha da bərkiyən, ətə-qana dolan Kazbek Tuayevə, İsgəndər Cavadova, Rauf Əliyevə görə utanıram, xəcalət çəkirəm. Bu adamlarla eyni ölkəni, eyni vətəni, eyni bayrağı, eyni himni paylaşdığıma görə utanıram.

Dünən Yunanıstanda rüsvayçı hesabla məğlub olanlara, o məğlubiyyəti futbolçu kimliklərinə yazdıran futbolçuları yetişdirən kişilərə, qadınlara – analara, bacılara, dayılara, əmilərə, babalara görə utanıram. Sizin hamınıza görə utanıram.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button