PFL və “Neftçi” rəhbərliyi arasında görüş keçirildi

Peşəkar Futbol Liqası klublarla görüşləri davam etdirir.

Komanda.az xəbər verir ki, budəfəki ünvan “Neftçi” PFK olub.

Klubun prezidenti Kamran Quliyev qonaqları salamladıqdan sonra Elxan Səmədovu PFL prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib:

“İstənilən bir sahədə yeni şəxslər yeni ümidlər, gözləntilər deməkdir. Biz də PFL prezidenti Elxan Səmədova uğurlar arzu edirik. Şübhə etmirik ki, Elxan bəy yeni postunda da böyük səylə çalışacaq və tək klublarla işlərə deyil, ümumilikdə Azərbaycan futboluna öz töhfəsini verəcək”.

Ardından “Neftçi” PFK-nın rəhbəri qonaqlara klubun akademiyası ilə bağlı layihəni təqdim edərək, planları, yenilikləri açıqlayıb. Burada azyaşlı futbolçuların təhsil, məskunlaşma məsələlərinin də xüsusi həssaslıqla diqqətdə saxlanılacağını vurğulayıb. Ardından “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, idman direktoru Zaur Əzizov və baş menecer Qədir Həsənov da öz növbələrində PFL-in səlahiyyəti çərçivəsində olan məsələlərlə bağlı suallar ünvanlayıb, klubu maraqlandıran məsələləri müzakirə ediblər.

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayevin də iştirak etdiyi görüşdə təşkilati yöndə atılması planlaşdırılan addımlar klub rəsmilərinin diqqətinə çatdırılıb.

Elxan Səmədov sonda görüşə görə təşəkkür edərək PFL olaraq klublarımızı narahat edən məsələlərə gecikmədən aydınlıq gətirilməsinin, rəhbərlik etdiyi qurumun bayrağı altında keçirilən bütün yarışlarda ədalətin qorunmasının əsas vəzifə olduğunu bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button