PFL rəsmisi: “Azərbaycan kubokunun final oyununa səfər təşkil edə bilmiriksə…”

Mayın 19-da Azərbaycan kubokunun final matçında “Sumqayıt”la “Qəbələ” üz-üzə gələcək. Amma ölkə kubokunun final oyununu işıqlandırmaq idman jurnalistləri üçün elə də asan olmayacaq. Kubokun final görüşünün Naxçıvanda keçirilməsi, mətbuatı çətin vəziyyətə salır. Məsələ burasındadır ki, Peşəkar Futbol Liqası (PFL) əvvəllər Naxçıvanda təşkil olunan hansısa həlledici oyuna jurnalistlərin səfərini təşkil edirdisə, bu dəfə belə olmayacaq.

Bu barədə Komanda.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib:

“PFL yarandığı gündən mətbuatın yanında olub. Birgə müxtəlif səfərlərimiz, layihələrimiz az deyil. Azərbaycan Premyer Liqasının regionlarda keçirilən oyunlarına, 1-ci divizion, Antalyada hakimlərin və komandalarımızın təlim-məşq toplanışına, hətta çempionatın sponsoru “Unibank” və PFL tərəfindən Türkiyə derbisinə – “Fənərbaxça” – “Qalatasaray” oyununa da səfərlərimiz təşkil edilib. Bütün bu səfərləri reallaşdırmış qurum kimi Azərbaycan kubokunun final oyununa səfər təşkil edə bilmiriksə, əslində səbəb aydındır. İndi də öz növbəmizdə KİV nümayəndələrini 19 may 2019 cu il, saat 16:30 da keçiriləcək Azərbaycan kubokunun final görüşünə dəvət edirik. Etiraf edək ki, səfərin qurum tərəfindən təşkil olunmamasının da müsbət məqamları var. Öz hesabına kubok oyununda iştirak edəcək jurnalistin daha çox özəl məlumat almaq və onu ancaq aid olduğu informasiya vasitəsində yayımlamaq şansı olacaq. Gələcəkdə mətbuat nümayəndələri ilə növbəti layihələrimizi həyata keçirmək ümidi ilə hər birinizə uğurlar arzu edirəm”.