“Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Yunanıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:6 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:

“İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundu ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.