Paytaxt klubunda ciddi itki

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Rik Karsdrop zədələnib.

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan HJK (Finlandiya) ilə ev oyununda sıradan çıxan futbolçu ötən gün sol dizindən əməliyyat olunub.

Klubun yaydığı məlumata görə, İsveçrədə baş tutan əməliyyat uğurlu alınıb. Futbolçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

İtaliya mətbuatının yaydığı məlumata görə, sağ cinah müdafiəçisinin bərpası azı 2 ay çəkəcək. Niderlandlı futbolçu bu mövsüm meydana çıxdığı 5 oyunda 373 dəqiqə meydanda olmuşdu.

“Roma” hücumçusu Paulo Dibala ilə yarımmüdafiəçi Lorenso Pelleqrini də zədələnib. Dibala A Seriyası çərçivəsində baş tutan “Atalanta” ilə matçdan öncə isinmə hərəkətləri edərkən zədələnib və bu oyunu buraxmaq məcburiyyətində qalıb. Pelleqrini isə bu qarşılaşmanın gedişində zədələnib. Amma onların zədəsi çox da ciddi deyil və təxminən 2 həftə sonra sraya dönəcəklər.

“Roma”da zədə səbəbindən Corcinyo Veynaldum, Stefan Əl Şaaravi və Maraş Kumbulla da komandaya kömək edə bilmir.