Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu: “Ağciyərimdə “kristal şüşə” görüntüsü var”

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb. Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir. Bu barədə idmançının özü məlumatı təsdiqləyib:

“Mayın 20-də analiz verdim. Həmin gün testin nəticəsi pozitiv çıxdı. Məni Atletlər Kəndinə apardılar. 10 gün orada karantində qaldım. Sonra verdiyim testin nəticəsi neqativ çıxdığı üçün evə buraxıldım və rentgendən keçdim. Ağciyərimdə “kristal şüşə” görüntüsü var. Nəfəs ala bilmirəm.

Yenidən təcili yardıma zəng vurdum. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə gətirdilər. Təkrar analiz verdim, cavab pozitiv çıxdı. Hazırda Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunuram. Bir neçə gündür buradayam, dəqiq yadımda deyil. Məni süni nəfəs aparatına qoşublar.

Ölməsəm, 10-15 gün müalicə olunmalıyam. Yəqin ki, bundan sonra yenidən testdən keçiriləcəm.

Nədən, kimdən mənə virusun yoluxduğunu deyə bilmərəm. Hər şey ola bilər. Kiməsə şər ata bilmərəm. Dövlət Gömrük Komitəsində tək məndə deyil, bir çox işçidə testin nəticəsi pozitiv çıxıb. Hamısı müalicə olunur. Şükürlər olsun ki, əməkdaşlarımızdan dünyasını dəyişən yoxdur”.

Əməkdar idman ustası olan Əliyev, insanları bu xəstəliyə ciddi yanaşmağa çağırıb:

“Mən nəşə çəkən deyiləm, idmançıyam. 2003-cü ildən peşəkar idmandayam. İndiyədək ağciyərimdə heç bir xəstəlik olmayıb. Mən koronavirusa yoluxdumsa, adi vətəndaşlar da bu xəstəliyə tutula bilər. Ona görə də özünüzü və ailənizi qoruyun. Mən də koronavirusa inanmırdım. Amma özüm yoluxandan sonra gördüm ki, çox ciddi xəstəlikdir”. (Oxu.az)