“Partizani”nin baş məşqçisi: “Öz gücümüzə əminik”

Albaniya çempionu “Partizani”nin baş məşqçisi Franko Lerda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiranada “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında Azərbaycan təmsilçisinin güclü olduğunu vurğulayıb:

“Komandamızın çoxlu güclü tərəfi var. Rəqib bizim zəif tərəflərimizi axtarmalıdı. Biz güclü kollektivik, Albaniya çempionuyuq və bununla fəxr edirik. İllərdi birgə çıxış edə komandamız var. Sloveniyadakı hazırlıq dövrümüz yaxşı keçib.

Rəqibimizin çoxlu oyununu görmüşəm, onları yaxşı tanıyıram. Ardıcıl 6 çempionluq əldə ediblər, ispaniyalı və braziliyalı istedadlı və keyfiyyətli oyunçuları var. Onlar öz güclərinə maksimum hörmətlə yanaşırlar.

Biz də öz gücümüzə əminik. Komandamdan pozitiv oyun gözləyirəm. Amma nəticə meydanda görünəcək. Hazırda ümumi hesabı yox, ilk matçı düşünürük. Cavab görüşü sabahkı oyundan asılı olacaq. Ona görə də yalnız ilk matça köklənməliyik”.

Qeyd edək ki, iyulun 10-da “Selman Stermasi” stadionunda keçiriləcək “Partizani” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.