Papure “Səbail”də 2 oyunçunu fərqləndirdi: “Favoritik”

Rumıniyanın “Universitatya Krayova” klubunun baş məşqçisi Korneliu Papure Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:2 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Yaxşı oyun alındı. 3 qol vurduq, başqa şanslarımız da oldu. 2 lazımsız qol buraxdıq. Oyunçularımın çıxışından çox razı qaldım. Avropa Liqasında 26 il sonra ilk qələbəmizi qazandıq. Ümid edirəm ki, bundan sonra da yaxşı nəticələr qazanarıq.
  • Demək olarmı ki, növbəti mərhələ üçün əsas favorit sizsiniz?
  • Əlbəttə, səfər oyununda 3 qol vurmaq yaxşıdı. Biz favoritik, başqa heç nə haqda düşünmək düz deyil. Əsas olan motivasiyasımızı qorumaqdı.
  • Kifayət qədər şans qazandız, amma əksər şanslardan yararlana bilmədiz. Bunu meydança amilinə bağlamaq olar?
  • Kifayət qədər şansımız var idi, ən böyüyü də son dəqiqədə. Çoxlu səhvlər etdik, ancaq bu mövsümün əvvəli olduğu üçün normal sayıla bilər.
  • “Səbail”də “Real” və “Çelsi”də oynamış Maykl Essyen var idi. Siz isə 16 yaşlı futbolçuya debüt şansı verdiniz…
  • Onun üçün debüt önəmli idi. Daha önəmlisi karyerasını düşünməlidi. O, öz üzərində çalışsa, Essyen kimi güclü klublarda çıxış edər.
  • 2 lazımsız qol buraxdığınızı dediz. Burada qol buraxmadan qələbə qazanmaq istəyirdiz?
  • Qolların biri standart vəziyyətdən, biri də bizim top itkimizdən oldu. Qol buraxmamaq komanda üçün müsbət haldı.
  • Rəqib komandanın heyətindən kimi öz komandanıza götürərdiz?
  • Rəqibin yarımmüdafiəsində yaradıcı, keyfiyyətli oyunçular var idi. Rahid Əmirquliyev və Yevgeni Koçuku xüsusilə fərqləndirərdim. Heyətimizdə kimi görmək istərdim deyə bir düşüncəm yoxdu.

Şahin Cəfərov