Özünü AFFA rəhbərliyi kimi aparan “Barselona”lılar

Kürşad

“Barselona” Ernesto Valverdeni ötən mövsüm, Çempionlar Liqasında “Liverpul”a biabırçılıqla uduzanda qovmalı idi. “Roma” rüsvayçılığından sonra keçən mövsüm Valverde üçün son şans idi. Amma “Barsa” rəhbərliyi özünü Berti Foqtsa 6 il “nikah”lı qalan bizim AFFA rəhbərliyi kimi apardı.

Sənin heyətində dünya futbolunun ən yaxşıları var. Mark-Andre Ter Ştegen hazırda ən yaxşı üç qapıçıdan biri, bəlkə də, birincisidir. Müdafiə xəttində Fransa, İspaniya, Portuqaliya millisinin ulduzları var. Yarımmüdafiədə çox vaxt ehtiyatda qalan İvan Rakitiçi, Arturo Vidalı satsan, istənilən böyük klubun aparıcı futbolçusuna çevrilər. Hücum xəttinə Antuan Qrizmannı da alandan sonra adları, soyadları vəsf etməyə kəlmələr yetmir. Amma…

Amma hansısa “Levante” gəlir, sənə üç qol vurur, hansısa “Slaviya” “Kamp Nou”dan rahatlıqla xalla qayıdır. Hə, Valverde ilə “Barsa” son illərdə La Liqada çempionluğu heç kimə vermir. Ancaq niyə? Çünki əsas rəqib “Real” “Barselona”dan da pis gündədir. Baxmayaraq ki, ideal günlərindən çox uzaq olan həmin “Real” belə, Çempionlar Liqasını qazana bilir. Valverde isə…

Bu adam “Barselona”nın baş məşqçisi olacaq səviyyədə, potensialda deyil. “Barsa” nə Pep Qvardiolanın “Mançester Siti”si kimi baxımlı futbol oynaya bilir, nə də Yurgen Kloppun “Liverpul”u kimi döyüşkəndir. İşə bax, hətta bizim “Qarabağ” Qvardiolanın dövründəki “Barsa” kimi oynamağa çalışır, amma Valverdenin katalonlara nə oynatmaq istədiyi anlaşılmır. Nə oynayırsan oyna, (hətta Tərlan Əhmədovun “Keşlə”si kimi, ortaya rəngli futbol qoyma, amma sırf nəticəyə hesablanan sistemin olsun) ancaq sistemin, tərzin, üslubun olsun.

Ən böyük problem isə Valverdenin məğlubiyyətlərdən, uğursuzluqlardan dərs çıxarmamasıdır. Hər məğlubiyyətdən, uğursuz oyundan sonra gözləyirsən ki, katalonlar bu dəfə tamam başqa cür oynayacaq, meydanda fərqli bir komanda görəcəyik. Amma baxırsan ki, komandada heç nə dəyişməyib. Valverdenin dəyişdiyi uzaqbaşı, Vidalı start heyətdə meydana buraxıb, Artur Melonu ehtiyatda saxlamaq, ya da Qrizmannı ehtiyat oyunçular oturacağında əyləşdirib, Ansu Fatini “döyüş”ə atmaq olur. Vəssalam! Komandanın oyun tərzində, ruhunda, matçlara köklənməsində zərrə qədər də dəyişiklik olmur.

Bu “Barselona” bu Valverde ilə, bu cür oyunlarla burax da Çempionlar Liqasını, bu dəfə heç La Liqa çempionluğunu da qazana bilməyəcək. Artıq açıq-aşkar hiss olunur ki, Valverdedən bezən təkcə azarkeşlər deyil, futbolçular da yorulub. Lionel Messi, Luis Suares sənin komandanı Çempionlar Liqasının 1/4 finalına, yarımfinalına kimi daşıya, “Liverpul”u ilk oyunda təkbaşına məğlub edə bilər. Bəs sən nə edirsən, baş məşqçi? “Roma”nı, “Liverpul”u, “Levante”nı, “Slaviya”nı məğlub etmək üçün sən nələr edirsən? Görünür, heç nə!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button