Özün uduzdun, hoca?

Rəşad Fərhadoğlu

Azərbaycan adlanan ultra-unikal ölkədə nə baş verir? Sualın cavabını nə Nostradamus, nə də hansısa peyğəmbər deyə bilər. Heç Allahın da nəsə bildiyinə inam yoxdur. Çünki təhsilsizliyin tüğyan etdiyi məmləkətlərlə Yaradanın işi olmaz. Bağban bəhrə verən ağaca qulluq edər. Azərbaycan cır arı kimi bir şeydir. Bəhrəsiz olduğu üçün Allah da bizdən üz döndərib.

Təsəvvür edin ki, oktyabrın 19-da mitinq dağıdılıb, hər kəs “kürd ovu”na çıxıb. Guya “morda”sı əyri olanlar kürd olduğuna görə milləti tapdalayıb. Cahillikdir, biabırçılıqdır. Unudurlar ki, azərbaycanlının yaxşısı yaxşı olur, pisi ələ gələsi olmur.

Dünyada ən çox kitab oxuyanlar arasındadır, “Qarabağ”ın baş məşqçisi. Qəlyanxanalara getmədiyi üçün belə düşünürəm. Qurban hocanın tək mənfi cəhəti həmişə eyni kitabları oxuması, dini mütaliəyə meyl etməsidir. Müəllimin fəlsəfə, riyaziyyat, siyasət və daha zıppıltı sahələrlə işi yoxdur. Ona görə də, məlum polemikası uzun müddət danışılacaq. Jurnalistin arxasındakı bildiyi adama deyə bilmədiyini, KİV nümayəndəsinə dediyi üçün danışdırdacaq. Nə isə, çox uzatmayaq.

“Qarabağ” Kiprdə oynadı, özü də pis oynamadı. Sadəcə, məğlub oldu. Sual yaranır: Hoca, özün uduzdun? Bir az diqqətli olun, fikriniz də sualda olsun ha! Pul əl çirkidir deyib, pulsuz atalarımız. Odur ki, ara-sıra başınızı lazımsız işlərə qatmayın. Yaxşı oynamaq gözəl nəmənədir. Futbolçularına afərin! Amma nəticə yoxdursa, deməli, günahkar məşqçidir. Beyin zəkası nəticəni önləyib. Təmkinli, ədəbli adamsız. Bəlkə də, bu xüsusiyyətlərə görə xalqın öncüllərindənsiz. Sadəcə, hadisələrə düzgün qiymət verə bilməməniz adama yer edir. Bir zaqatalalının fındığı qozdan ayıra bilməməsi faciədir. Jurnalisti futbol funksionerindən seçə bilməmək ondan da faciədir. KİV istəsə, xalqı “Qarabağ”ın yaxşı oynamasına kökləyər, istəməsə də pis nəticəsinə. Milli komandanın “sükanı arxası”ndan qalxanda, sizin deyə bilmədiklərinizi məhz jurnalistlər AFFA rəhbərliyinin ünvanına səsləndirdi. Önünüzə mikrofon uzatmasalar, fikirləriniz dəyərsizləşər. Odur ki, dəyər verin, dəyərli olasız.

“Qarabağ”ın oyununa gəlincə, qapıçıdan başqa, bütün futbolçular əla oynadı. Qapıçı isə nərd oynayıb, xana boşaltmaqla məşğul idi. Doğrudur, şans var, amma öz əlimizdə deyil. Qarabağ probleminin açarı başqasında olduğu kimi, “Qarabağ”ın növbəti mərhələyə çıxması da başqasından asılıdır.

P.S. İsveçrə küçələrində “222” nömrəli Azərbaycan seriyası ilə bahalı avtomobil şütüyür. Sahibini tanıyan var?!

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button