Ozan Can Azərbaycan millisi ilə bağlı qərar verməyə tələsmir – Türkiyəyə görə

“Sabah”ın sabiq futbolçusu Ozan Can Kökçü Azərbaycanın əsas millisində oynamaqla bağlı yekun qərar qəbul etməyib.

Komanda.az xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçinin qardaşı Orkun Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Niderlandın “Telstar” klubunda çıxış edən Ozan “ay-ulduzlular”ın formasını geyinmək istədiyi üçün gözləmə mövqeyindədir:

“Qardaşım Azərbaycanın U-21 yığmasında oynayıb. “Sabah”da çıxış edərkən təklif göndərdilər və dərhal Azərbaycan vətəndaşlığı verdilər. Azərbaycanın əsas yığması onu istəyir, amma Türkiyədən təklif gözlədiyi üçün seçim etməyə tələsmir. Ona görə də hələ qərarını verməyib”.

Niderlandın “Feyenoord” klubunda çıxış edən Orkun Kökçü Türkiyə millisinin üzvüdür. Ozan Can Kökçü 2019-cu ildən 2021-ci ilin yayınadək “Sabah”ın uğurları üçün çalışıb. O, ötən mövsümün ikinci yarısından “Telstar”da çıxış edir. Gənc futbolçu əsas millimizə dəvət alsa da, əsas komandada debüt şansı qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button