“FİFA bu məsələyə ciddi yanaşmalıdır”

“Barselona”nın və Fil Dişi Sahili millisinin keçmiş futbolçusu Yaya Ture futboldakı irqçilik halları ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, karyerasını Çində davam etdirən 36 yaşlı futbolçu, son zamanlar çoxalan irqçi davranışlara qarşı əlavə qərarların zəruriliyi haqqında danışıb:

“Bu məsələ həll olunmalıdır. FİFA-nın birbaşa bu işlə məşğul ola biləcək insanlara ehtiyacı var. Düşünürəm ki, oyun zamanı irqçi davranışlara məruz qalan futbolçu meydanı tərk etməlidir. Bu, FİFA və UEFA üçün siqnal olacaq və futbolçuların daha vacib olduğunu göstərəcək. İngiltərə millisinin üzvlərinin Bolqarıstan yığması ilə oyunda (6:0) irqçi davranışlardan sonra meydanı tərk etmələrini istəyərdim. Bu, çox güclü bir mesaj olardı.

Bu məsələ ilə bağlı hər şeyi düzgün edə biləcək insanlara ehtiyacımız var. Bu barədə telekanallarda çoxlu danışa bilərik, amma bu, futbolda yüksək vəzifədə olan insanların reaksiya verəcəyi mənasına gəlmir. FİFA bu məsələyə ciddi yanaşmalıdır”.