Orxan Səfərov Avropa çempionu oldu

Bu gün Çexiyanın Praqa şəhərində cüdo üzrə Avropa çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycanı 9 kişi və 5 qadın cüdoçu təmsil edir.

Qadınlar arasında Aişə Qurbanlı və Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) ilk cəhddəcə məğlub olub və mübarizəni erkən dayandırıb.

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub. Orxan Səfərov isə yarımfinala qədər İtaliya, Slovakiya, Almaniya və Serbiya cüdoçularını məğlub edib. O, qızıl medal uğrunda görüşdə İsrail təmsilçisi Tal Flikerlə üz-üzə gəlib və qələbə qazanıb. Bununla, yığmamız ilk günü 1 medal – “qızıl”la başa vurub.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.