Alveş Messi haqda: “O, bizim komandamıza, bir çox futbolçuya hörmətsizlik etdi”

Amerika kubokunun final oyununda Peru yığmasını 3:1 hesabı ilə məğlub edərək, çempion olan Braziliya milli komandasının futbolçusu Dani Alveş, Lionel Messiylə bağlı açıqlama verib.

Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu, Argentinanın Çiliyə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Messinin turnirin Braziliya yığmasının qalib gəlməsi üçün planlaşdırıldığı ilə bağlı açıqlamasına belə cavab verib:

“Bir futbolçu dostunuzdur deyə, hər zaman haqlı ola bilməz. Messi ilə qəti razı deyiləm. Hadisənin təsirindən belə sözlər söyləmək olar. Biz komanda olaraq bu çempionluq üçün çox çalışdıq və turnirin ən geniş heyəti də bizdədir. Onun üzgün olmasını başa düşə bilərəm, amma dediklərində doğru bir şey yoxdur. Bundan başqa, o, bizim komandamıza, bir çox futbolçuya hörmətsizlik etdi”.

Çili ilə oyundan sonra Messi, “Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar” demişdi.