“Onların oyuna yanaşması məni qane etdi”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva bu gün Belarus yığmasına qarşı keçirdikləri növbəti yoldaşlıq oyununu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:4 hesablı məğlubiyyətlə üzləşdikləri oyundan sonra bunları söyləyib:

“Bu dəfə fərqli oyun gördük. Daha doğrusu, uşaqların oyuna yanaşması məni qane etdi. İntizamlı və istəkli idilər. Ancaq səhvlərimiz oldu. Bu səhvlər də mövsümün əvvəlinə xarakterikdi. Uzunmüddətli hazırlıq keçmək üçün vaxtımız olmadı. Çempionat hələ başlamayıb, oyun təcrübəsinə ehtiyac var. Daxili birincilik başladıqdan sonra futzalçılar formasını bərpa edəcəklər. Yenə deyirəm, uduzmağı heç kim istəmir. Ancaq yoldaşlıq oyunlarının vacibliyi də məhz səhvləri, çatışmazlıqları görmək, təsbit etmək üçündü. Hansı planda daha çox işləməli olduğumuzu aydınlaşdırdıq”.