“Mən klub prezidenti olsaydım, başqa cür davranardım” – Pike

İspaniyanın “Barselona” klubunun futbolçusu Jerar Pike komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubdakı xoşagəlməz hallar barədə danışan müdafiəçi, Lionel Messinin bir müddət əvvəl verdiyi ayrılıq qərarına da toxunub:

“Klubda bəzi xoşagəlməz hallar olur. Bu barədə prezidentlə danışıb, ondan izah istəmişəm. Bu hallar bütün futbolçulara zərər verir.

Yəqin ki, mən klub prezidenti olsaydım, başqa cür davranardım. Messi getmək qərarı verəndə, ondan qalmağı xahiş etdim. Həmin vaxt onunla çox danışa bilməzdim, çünki bu, fərdi qərar idi. Öz-özümə bu qərarın nəylə bağlı ola biləcəyini sual verirdim. Messi hər şeyin ən yaxşısına layiqdir. Stadionda hansısa sponsordan əvvəl onun adı yazılmalıdır.

Pep Qvardiola, Karles Puyol, Xavi kimi insanların klubda olmaması məni təəccübləndirir. Onlar klub tarixinin bir hissəsidir. Onlar burda olmalıdırlar”.