“Elə şərtlər qoyulsun ki, Afrikadan ofisiant, Avropadan qaçaqmalçı gətirməsinlər” SORĞU

Bir müddət əvvəl Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasına tətbiq olunan limitlə bağlı danışaraq, limiti aradan qaldırmağın vacibliyinə toxunmuşdu. Hazırkı limitə görə, çempionatda mübarizə aparan hər bir komanda 6 əcnəbi, 4 yerli və bir nəfər 21 yaş və daha gənc futbolçunun xidmətindən istifadə etməlidir. Bu limitin tətbiqi daha çox yerli futbolçuların yetişməsinə və inkişafına hesablansa da, bunun şahidi olmuruq. Bəs Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunmalıdırmı? Limit hansı qaydada tətbiq olunsa, daha faydalı olar?

Bu suallarla futbolun içində olanlara üz tutduq:

İxtiyar Əsgərov (Matc.az):

“Fikrimcə, limit ləğv olunmalıdır. Belədə, həm çempionatın səviyyəsi qalxar, həm də rəqabətə hazır yerli futbolçular meydana çıxar. Futbolçu var ki, limitdən istifadə edib, qiymətini süni şəkildə qaldırıb. Klub da məcburiyyətdən həmin futbolçu ilə anlaşmaq məcburiyyətində qalır. Klublarımızın heyətində limit məcburiyyətindən elə futbolçular yer alır ki, mən onları heç “fantasy football”da pulsuz belə, heyətə götürmərəm (gülür). Limit ləğv olunsa, klublar daha səviyyəli futbolçularla güclənər”.

Elşən Məmmədov (Report.az):

“Legionerlərin xidmətindən Premyer Liqadakı 8 klubun 7-si yararlanır. Hərçənd, “Sumqayıt” da xarici klublardan azərbaycanlı adı ilə futbolçu gətirməyə çalışır. Bir sözlə, legioner transferi əsl qazanc mənbəyinə çevrilib. Əlbəttə, Azərbaycan futboluna legionerlər lazımdır. Amma burda kəmiyyət yox, keyfiyyət məsələsi müzakirə mövzusu olmalıdır. Bir ara AFFA İcraiyyə Komitəsi ayrı-ayrı ölkələrin milli komandalarında çıxış edən futbolçuların transferi üçün rüsumu ləğv etmişdi. Bu qərar nisbətən səviyyəli legioner axınına səbəb olmuşdu. Lakin sonradan bütün legionerlərə eyni rüsum tətbiq olundu. Klubların da maddi imkanları zəiflədiyi üçün Azərbaycana əksəriyyəti aşağı səviyyəli olan əcnəbilər gətirilməyə başlandı. Hazırda bir neçəsini çıxmaqla, legionerlər arasında xüsusi seçilənlərini tapmaq çətindir. Bu isə o deməkdir ki, limit götürülsə, klublarımız daha aşağı səviyyəli əcnəbilərə qucaq açacaqlar. Çünki onların mövcud imkanları güclü oyunçu gətirməyə imkan vermir. Beləliklə, bu transferlər ölkə futbolunun yox, yalnız dəllalların xeyrinə olacaq. Yəni hətta hazırkı legioner limitinin özü belə, səviyyəli futbolçu gətirilməsinə səbəb olmursa, onun ləğvi nəyə və ya kimlərə xidmət edəcək?”

Sənan Abdullayev (Xəzər TV):

“İndiki limitin əsas tərəfdarlarından biri mən olmuşam. Çünki o vaxt klubların pulu var idi və istədikləri qədər legioner gətirib, oynadırdılar. Mən də bizim futbolçuların oynadılması üçün məcburiyyəti qaçılmaz görürdüm. Düşünürdüm ki, xüsusilə, gənclər üçün çıxış yolu budur. Məncə, “məcburiyyət”in cüzi də olsa, müsbət tərəfləri oldu. Təəssüf ki, arzuladığımı görməyə “uşaqlar”ın başlarından böyük rahatlığı imkan vermədi. Bir az yaxşı oynayanı açıq-aşkar “onsuz da oynadacaqsız” havasına girdi. Odur ki, limitin ləğv olunması tərəfdarlarını haqlı görürəm. Amma elə şərtlər qoyulsun ki, Afrikadan ofisiant, Avropadan qaçaqmalçı gətirməsinlər”.

İlqar Həmzəyev (azarkeş):

“Hər zaman legioner futbolçuların tərəfdarı olmuşam, çünki biz məhz bu futbolçuların sayəsində Çempionlar Liqasının, Avropa Liqasının qrupunda iştirak etdik. Bizim ölkədə uşaq məşqçilərinə düzgün təlimat verilmədiyi, uşaq futbolu bərbad vəziyyətdə olduğu üçün yerli futbolçularımız rəqabətə tab gətirə bilmirlər. Bir neçə gün əvvəl “CBC Sport” telekanalında Ağasəlim Mircavadov və Qurban Qurbanov limitlə bağlı açıqlama verdi. Qurbanovun neytral mövqe tutması məni çox təəccübləndirdi. Halbuki, Qurban Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçularla Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırırdı. Məncə, Qurbanov açıq şəkildə limitin götürülməsini istədiyini deməli idi. Mircavadov da 7-9 yerli futbolçu ilə çempion olduğunu, uğur qazandığını bildirdi. Təəssüf ki, onun özünə yerli futbolçuların hesabına qazandığı yeganə uğurun – “Birlik Kuboku”nun heç kimə lazım olmadığını deyə bilmirəm. 10 ildir ki, limit tətbiq olunur. Bu 10 ildə Albaniya, Şimali İrlandiya kimi ölkələr Avropa çempionatına vəsiqə qazandı, amma biz heç nə əldə edə bilmədik. Demək, 20 il də vaxt verilsə, heç nə dəyişməyəcək. Amma biz azarkeşlər legioner futbolçuların hesabına böyük Avropa klublarını ölkəmizdə görə bilərik.

Son vaxtlar qeyd edirlər ki, Premyer Liqadakı klub sayı artırılaraq, 10 və ya 12 ediləcək. Onsuz da, hazırda cəmi 3-4 klub normal əcnəbi futbolçu gətirmək imkanına sahibdir. Yerli futbolçuların isə “Kəpəz”də, “Turan Tovuz”da oynamaq şansları var. PFL-in prezidenti Ramin Musayevə dəstək oluram və ona bir azarkeş kimi təşəkkür edirəm ki, açıq şəkildə hər şeyi bildirdi. Avropa çempionatlarında olduğu kimi, Azərbaycanda da limit tamamilə götürülməlidir. Limit götürülsə də, millinin məşqçisi üçün seçim olacaq. Onsuz da millidən nəticə gözləməyə dəyməz. Bu 10 ildə bir nəticə olmadı, bundan sonra da uğur olmayacaq. 10 il ərzində milli komanda bir dəfə də olsun Bakı Olimpiya Stadionunu doldura bilməyib, amma “Qarabağ” bunu dəfələrlə bacardı. Bundan sonra əsas üstünlüyü klubların uğurlarına vermək lazımdır. Millini də öz axarına buraxmaq, nəticə tələb etməmək lazımdır. Təsadüfi bir neçə qələbəylə uğur olmur. Klub səviyyəsində yüksək nəticələr əldə olunsa, millidə də dəyişiklik ola bilər. Millidə uğur olması üçün Mahir Emreli kimi futbolçular Avropada çıxış etməlidir. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev kimi məşqçilərdən hansı indiyə qədər bir yerli futbolçu yetişdirə bilib? 5-6 nəfər iclas keçirib, qərar verirlər. Bu qərar da düzgün verilməlidir, iş görülməlidir, futbolçuların üzərində işləmək lazımdır”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button