“Ola bilər ki, digər şirkətlər “Qəbələ” ilə əməkdaşlıq etməsinlər, bu, onların öz işləridir” – Müsahibə

Bu gün “Qəbələ” İdman Klubunun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda klubun prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

– Bir neçə il əvvəl “Jalə” sizin titullu sponsorlarınız arasında yer alırdı. İndiki əməkdaşlıqla əvvəlki arasında fərq nə olacaq?

– Ümumiyyətlə, zaman-zaman “Gilan”ın nəzdində olan sponsorlarla əməkdaşlıq etmişik. İndi forma üzərində sponsor əks olunub. Həm də, büdcə cəhətdən fərq var.

– AFFA ilə danışıqlar bitdimi?

– AFFA-da məsələni dəfələrlə demişik, yəqin ki, yaxın zamanda da müzakirələr olacaq. AFFA tərəfindən klublara ayrılan məbləğ sistematik, müəyyən kriteriya əsasında olmalıdır. Elə olmalı deyil ki, bu kluba bu qədər, o kluba bu qədər… Klublar da gələcək strategiyalarında bunu nəzərə almalıdır. Burda bir növ klubların müstəqilliyi var və klubun inkişafı da müstəqillikdən başlayır. Biz AFFA-dan dəstəyi gözləyirik.

– Təkcə “Jalə” ilə klub yaşaya bilərmi?

– “Jalə”nin loqosu klubun formasının arxa hissəsində əks olunub. Qabaq tərəf boşdur və qabaq tərəfdə olan sponsordan büdcə daha çox gəlir. Sponsor axtarışlarımız davam edir.

– Sizə elə gəlmirmi AFFA müəyyən manipulyasiya edir?

– Mən onların iclasında bu məsələnin müzakirə edilməsini xahiş etməmişəm.

– “Gilan” təsisçi olaraq qalırmı?

– Bəli, təsisçidir.

– AFFA-nın Müşahidə Şurasında nümayəndəsinin yer alması təklifi olarsa, bunu maliyyə vəsaiti üçün qəbul edərsizmi? Əvvəl bu təklifi qəbul etməmişdiz.

– Klub müstəqil olmalıdır, AFFA-dan maliyyə dəstəyi olmamalıdır. Klublara iş adamları cəlb olunmalıdır. Onların biznes sahələrindəki maraqları olmalıdır. Bir neçə vaxtdır ki, sponsorlarla danışıram, görürəm. Bu məsələ AFFA-da qaldırılmalıdır.

– Yeni sponsorlarla hazırkı vəziyyət olacaqmı, yoxsa əvvəlki iddialı klubu görəcəyik?

– Hələ ki, olduğumuz kimi davam edirik. Digər razılaşmalardan sonra iddia haqda biləcəyik.

– “Qəbələ” ilə “Gilan” arasındakı əlaqələr əvvəlki kimi olacaqmı?

– Xeyr. Əvvəl təsisçi idi və göstəriş verilirdi ki, hansı şirkətlərlə danışaq. Ancaq indi fərqlidir. “Jalə” müstəqil fəaliyyət göstərir. Ola bilər ki, digər şirkətlər “Qəbələ” ilə əməkdaşlıq etməsinlər, bu, onların öz işləridir.

– Sponsorlarla bağlı ölkə xaricindən investorlar dəvət olunubmu?

– Xeyr.

– Komandada son vaxtlar canlanma hiss olunur. Yeni əməkdaşlıq müqaviləsi də imzalanır. Qış fasiləsində transferlər və hər hansı yerli futbolçunun satılması olacaqmı?

– Çox yaxşı məbləğə futbolçu satmamışıq. Əldə etdiyimiz məbləğlər Azərbaycan futbolu üçün çox azdır. Məqsədimiz təkcə pul qazanmaq deyil, həm də Azərbaycan millisinə futbolçu verməkdir. Bəzi futbolçulara təkliflər var. Buna artıq məşqçilər heyəti ilə görüşdükdən sonra qərar verəcəyik. Davit Volkovla danışıqlar aparırıq. Artıq büdcə olsa, güclənməyimiz mümkün ola bilər. Komandadakı futbolçular öz işlərini görürlər, legionerlərimiz də digərlərindən geri qalmır.

– Geridə qalan 3-4 ayda olan maliyyə çatışmazlığı akademiyanın fəaliyyətinə necə təsir göstərdi?

– Tək problem o oldu ki, digər rayonlardan olan valideynlər uşaqlarını gətirmədilər. Bir-iki nəfər də çıxdı. Bununla belə, maliyyə problemi olsa da, heç kimin pulunu gecikdirməmişik, heç kimə də borcumuz yoxdur.

– Volkovun meneceri də Bakıdadır. Onun başqa klublarla danışıqlar aparması mümkündür?

– Volkovun ilk seçimi “Qəbələ”dən yana olacaq. Seçim onundur. Biz istəyirik ki, o, klubda qalsın.

– Akademiyanın binasının satışa çıxarılması söhbəti düzdürmü?

– Elə bir şey yoxdur və müzakirə mövzusu deyil.

– Yeni sponsorun digər idman növlərinə faydası olacaqmı?

– Ayrılan büdcə təkcə futbola yox, digər idman növlərinə də ayrılır. Olimpiadadan medal gətirə biləcək idmançılarımız var.

– Elmar Baxşıyevin durumu necə olacaq?

– Elmar Baxşıyev mövsümün sonuna qədər klubun baş məşqçisi olacaq.

– “Qəbələ”nin birinci divizionda oynamamasına danışılmış oyunlar məsələsi təsir edə bilərmi?

– Qətiyyən yox. Akademiyada olanlara da tapşırıqlar verilib ki, təbliğatlar aparılsın.

Klubun hansısa bölməsinin ləğvi gözlənilirmi?

– Xeyr, büdcə tam kəsilsə, ümumiyyətlə bağlana bilər. Amma belə yox. Məsələn, karate bölməsində məşqçimiz yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button