O, sadəcə Dieqo Armando Maradonadır! – Yazı+Foto

O, 16 yaşında millidə debüt etsə də, 17 yaşında komandasının çempion olacağı mundialdan kənar qalacaq dərəcədə şanssız biridir – DÇ-78-ə məhz gənc yaşına görə aparılmamışdı.

Bir oyunda 23 dəfə kobudluğa məruz qalacaq dərəcədə durdurulması çətin biri – DÇ-82-də gələcək dünya çempionu italyanlar onun qarşısını ancaq qaydaları pozmaqla almışdılar.

İki dəfə dünyanın ən bahalı transferi olacaq qədər dəyərli biri – 1982-ci ildə “Barselona”ya, 1984-cü ildə isə “Napoli”yə keçidi o dövr üçün rekord məbləğə reallaşmışdı.

UEFA-nın klub reytinqində 2-ci olan “Barselona”dan 83-cü yerdəki “Napoli”yə keçəcək qədər cəsarətli biri – və belə ortabab komandanı iki dəfə İtaliya çempionu, 1989-cu ildəsə UEFA kubokunun qalibi edə bilmişdi.

Bir mundial ərzində 90 driblinq edib və komandasına 53 cərimə zərbəsi qazandıracaq dərəcədə mükəmməl biri – DÇ-86 onun mundialı idi.

Dünya çempionatının bir oyununda 3 məhsuldar ötürmə verə biləcək qədər istedadlı biri – DÇ-86-nın ilk oyununda cənubi koreyalıları məhz onun dəqiq ötürmələri sayəsində məğlub etmişdilər.

Həm seviləcək, həm də nifrət ediləcək dərəcədə fərqli biri – DÇ-86-da əllə qol vurduğu ingilislər onu sevə bilərdilərmi?

“Əsrin qolu”na imza atacaq qədər sehrbaz biri – DÇ-86-da İngiltərə ilə oyunda həm də meydanın özlərinə aid hissəsindən irəliləyərək rəqibin beş oyunçusunu, sonra da qapıçısını keçərək topu qapıya vurmuşdu.

Əsas favorit sayılmadığı mundialda komandasını çempion edəcək qədər dahi biri – Argentina DÇ-86 ərəfəsində keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazanmışdı.

Hücumun önündə oynamasa da, İtaliya A seriyasında hamıdan çox qol vuracaq dərəcədə bacarıqlı biri – 1987/88 mövsümündə 15 qolla bombardir olmuşdu.

Bütün qeyri-adi qabiliyyətlərinə rəğmən, 1:5 və hətta 0:5 kimi məğlubiyyətləri də dadmış “bizdən” biri – 1989-cu ildə “Napoli”də “Verder”ə və 1993-cü ildə “Sevilya”da “Real”a böyük hesabla uduzmağın acısını yaşamışdı.

Eyni zamanda, iki dəfə dopinq cəzası alacaq qədər öz futbol dühasına məsuliyyətsiz yanaşan biri – əvvəlcə 1991-1992, sonra da 1994-1995-ci illərdə bir ildən çox müddətə futboldan uzaqlaşdırılmışdı.

Və müxtəlif sorğularda 20-ci əsrin, hətta bütün zamanların ən yaxşı futbolçusu seçilə biləcək qədər əfsanəvi biri…

Həyat davam edir.

Rekordlar yenilənir.

2017-ci ildə “Napoli”nin ən məhsuldar oyunçularının siyahısında 115 qolla yüksəldiyi zirvəni təhvil verdi – əvvəlcə slovak Marek Hamşik onu keçdi, sonra da belçikalı Dries Mertens onları geridə qoydu.
2018-ci ildə isə dünya çempionatlarında ən çox oyunda kapitan olmaqla bağlı rekorddan əlini üzməli oldu – mundiallar tarixində 17-ci dəfə komandasını meydana kapitan kimi çıxaran meksikalı Rafael Markes bu göstəricidə onu qabaqladı.

İndi də həyatını itirdi…

Amma şan-şöhrəti, populyarlığı əbədidir…

Hər davranışı ilə gündəm olmağı bacaran biri…

O, sadəcə Dieqo Armando Maradonadır!

Rasim Mövsümzadə

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button