O, Qurban Qurbanovun ilk seçimi idi – Müsahibə

“Qarabağ”ın tarixi ərzində ən uğursuz transferləri arasında Boyan Şaranovun da adını çəkmək olar. Ağdam klubuna böyük ümidlərlə gətirilən qolkiper, bu komandaya qədər səviyyəli klubların qapısını qorumuşdu. Amma serbiyalı “Qarabağ”da əsas qapıçı ola bilmədi, İbrahim Şehiçlə rəqabətdən məğlub ayrıldı. Şaranovu daha çox 2016-cı ildə “Qəbələ” ilə səfər görüşündə etdiyi səhvlə xatırlamaq olar. Çünki məhz Filip Ozobiçin uzaq məsafədən vurduğu zərbə zamanı etdiyi səhvlə yadda qalmışdı. Elə məhz həmin səhvdən sonra Şaranovun “Qarabağ” karyerasının uzun çəkməyəcəyini ehtimal etmək olardı ki, elə də oldu.

Hazırda Yunanıstan Super Liqasında yarışan “Lamiya”nın əsas qapıçısı olan təcrübəli futbolçu, Komanda.az saytına müsahibə verib:

– Boyan, Yunanıstanda heç də pis mövsüm keçirmədiyini demək olar. Komandan turnir cədvəlinin sonlarında olsa da, oyunlara çıxırsan. Yunanıstandakı çıxışından razısan? 
– Bəli, hazırda “Lamiya”da oynayıram. Bu klub ildən-ilə daha yaxşı olmaq istəyir. Məni “Lamiya”ya qapıçı məşqçisi dəvət etdi. Onunla əvvəllər də çalışmışam. İndi də komanda üçün yaxşı işlər gördüyümüzü deyə bilərəm. Özümü “Lamiya”da xoşbəxt hiss edirəm.

– “Lamiya”dan ayrılmaq fikrin var? 
– Bəli, mən daha yüksək yerlərə getmək istəyirəm, məqsədim böyükdür. Mənim başqa klublardan yaxşı təkliflərim var. Amma “Lamiya” hazırda liqada qalmaq uğrunda mübarizə aparır. Bundan əlavə, mən harda işimə start vermişəmsə, mövsümün sonuna kimi işimi orda da görmək istəyirəm. Yaşayarıq, daha sonra necə olacağını görərik. Ancaq futbol həyatı elədir ki, sabah nəyin necə olacağını deyə bilmirsən. Hazırda Türkiyə birinci liqasından təkliflər almışam. Ancaq hələ qərar verməmişəm.

– Maraqlıdır, Azərbaycana geri dönməyi heç düşünmüsən? Təkliflər olub Azərbaycandan? 
– Bilirsiz, Bakıdakı həyat çox xoşuma gəlir. “Qarabağ”da olarkən ordakı həyatı gördüm. Yaxşı təklif gələrsə, niyə də Azərbaycana dönməyim? Hər şey ola bilər.

– Yəqin ki, lap qayıdası olsan da, “Qarabağ”ı seçməzsən, hə? Çünki bu komandada sənə çox da oynamaq qismət olmamışdı… 
– İndi “Qarabağ” haqda düşünmək mənə çətindir. İdman həyatımda ilk dəfə idi ki, olduğum komandada oynamırdım. Ancaq həmin anlar mənə daha çox şey öyrətdi və daha möhkəm, güclü olmağıma kömək oldu. Amma dediyim kimi, hazırkı vaxtda “Qarabağ” haqda düşünmək asan deyil.

– “Qarabağ”a böyük ümidlərlə gəlmişdin. Amma bu komandada çox oynamaq sənə qismət olmadı. “Qarabağ”a keçidini səhv addım hesab edirsən? 
– İndi soyuq başla düşünəndə, anlayıram ki, “Qarabağ” məni ikinci qapıçı kimi transfer etmişdi. Çünki həmin vaxt Şehiç artıq komandada idi. Açığı, onlar məni “Partizan”dan transfer edərkən, vəziyyəti tam açıq şəkildə izah etməmişdilər. Təxminən bir aydan sonra ayıldım, onda da gec idi. Dekabrda klubu dəyişə bilərdim, iki klubdan təklif almışdım. Yanvar ayında Danimarka və Norveçdə çempionat start götürürdü. Ancaq həmin ölkələrə getmək istəmədim. Nəticədə daha bir il “Qarabağ”da qalmalı oldum. Amma bu vəziyyətə daha çox tab gətirə bilmədim. Ona görə ki, mənim üçün əsas məsələ pul yox, oynamaq idi.

– Həmin vaxt qapıçılar arasında İbrahim Şehiçlə rəqabət aparmaq çox çətin idi? 
– İbrahim Şehiç çox yaxşı qapıçı, həm də yaxşı insandır. Başa düşürəm, o, Qurban Qurbanovun ilk seçimi idi. Baş məşqçi əsas oyunlarda ona, asan matçlarda isə Şahruddin Məhəmmədəliyevə şans veriridi. Çünki həmin vaxt komandada cəmi üç gənc futbolçu var idi. Onlardan biri zədələnəndə, yerdə ikisi qalırdı. Onların da biri mütləq start heyətdə meydana çıxmalı idi. Bu vəziyyət isə mənə pis təsir edirdi. Amma mən müqaviləmin sonuna kimi əsl peşəkar kimi davranmağa çalışdım. Hətta Qurban Qurbanovdan məni əvəzedici heyətə göndərməsini xahiş etdim ki, ən azı oyun praktikamı itirməyim.

– Qurban Qurbanovla münasibətin necə idi? Hər halda, onun inamını qazanmalı idin ki, bunu da edə bilmədin… 
– İlk başlarda Qurban Qurbanovla normal münasibətimiz var idi. “Qəbələ” ilə oyunda isə qapımda qol gördüm. Amma o qol zamanı böyük səhv etdiyimi düşünmürəm. Böyük səhvlər düzgün mövqe seçməyəndə, reaksiya göstərəməyəndə olur. Məhz həmin oyundan sonra mən 10 ay ehtiyatda oturdum. Bayaq dediyim kimi, bu cür vəziyyətlər məni daha da güclü edir.

– “Qarabağ” yaddaşında necə klub olaraq qaldı? 
– Təbii ki, “Qarabağ”ı hər zaman yaxşı klub olaraq xatırlayacam. Orda çox dostum var, onlarla tez-tez danışıram. Klubda çalışan insanlar da əsl peşəkarlardır. “Qarabağ”ın bütün futbolçularına hörmətlə yanaşıram. Orda çox olub yaxşı şeylər, heç birini unutmaram.

– Ağdam təmsilçisinin hazırkı çıxışı sənin üçün maraqlıdır? “Qarabağ” ölkə çempionatında “Neftçi”nin ardından ikinci pillədə qərarlaşıb. Necə düşünürsən, keçmiş komandan bu mövsümün qalibi ola biləcək? 
– Əlbəttə ki, bacardıqca “Qarabağ”ın nəticələrini izləyirəm. Mən inanıram ki, “Qarabağ” çempion olacaq. Ancaq məsələ burasındadır ki, Qurban Qurbanov həm də millidə çalışırdı. Ona görə də, o, əvvəlki kimi yüz faiz özünü “Qarabağ”a konsentrasiya edə bilmirdi. Bununla yanaşı, “Neftçi” də əvvəlkindən daha da güclənib. İstənilən halda, mən “Qarabağ”a inanıram.

– Demək olar ki, üç il əvvəl “Qəbələ” ilə oyunda Filip Ozobiçin vurduğu qol sənin üçün baha başa gəldi. Həmin oyundakı səhvin “Qarabağ”da ehtiyatda oturmağına əsas səbəb idi? 
– Heç şübhəsiz ki, bəli. Məhz həmin oyundan sonra əsas heyətdəki yerimi itirdim. Qapıçı mövqeyi bir az fərqli, spesifikdir. Baş məşqçi sənə inanmalı, sərbəstlik verməlidir. Sən isə meydanda özünü rahat hiss etməlisən. Kiçik bir səhvə görə qolkiperi ehtiyata göndərmək düzgün deyil. Buraxılan hər bir səhv bizə yeni müsbət keyfiyyətlər qazandırır.

– “Qarabağ”ın hazırkı legioner qapıçıları – Vaqner da Silva və Hannes Halldorsson o qədər də inamlı çıxış etmir. Xüsusən də, Avropa Liqasındakı səhvləri komandanı pis vəziyyətə qoydu… 
– İslandiyalı qapıçını dünya çempionatından tanıyıram. Amma bilirsiz necədir, qapıçını hər səhvindən, hər pis reaksiyasından sonra dəyişmək düzgün deyil. Siz sadəcə olaraq, onu itirə bilərsiz. Bu bilirsiz nəyə bənzəyir? Məsələn, hücumçunuz bir şansı qaçırırsa, onu heyətdən çıxarmaq kimi bir şeydir. Bəlkə də, mən bir az subyektiv baxıram məsələyə, ancaq bu belədir. Məncə, baş məşqçi öncə hansı qapıçıya şans verəcəyini düşünməlidir. Bir qapıçıya 10 oyun şans verdikdən sonra, qapıçının işini yaxşı və ya pis gördüyünə baxmalıdır. Mən “Qarabağ”da olarkən belə bir şey olmuşdu. İbrahim Şehiçə şans verildi və o, komandaya çox xal gətirdi.

– Necə düşünürsən, bəlkə “Qarabağ” legionerlərdənsə, elə Şahruddin Məhəmmədəliyevə etibar etsə, qapı daha əmin əllərdə ola bilər? 
– Şahruddini də tanıyıram. O, yaxşı oğlan və daim işləyən idmançıdır. Məncə, Şahruddin “Qarabağ”da böyük oyunlarda belə, qapıda dayanmağa layiqdir. O, mənim çox xoşuma gəlir.

Mirbağırağa Cəfərli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button