“O, məni bura gətirən səbəblərdən biridir” – Matteys de Liqt

“Yuventus”un yeni transferi Matteys de Liqt Turin təmsilçisinə keçidindən danışıb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən holland futbolçu, keçidi ilə bağlı bunları deyib:

“Mən hələ çox gəncəm. Baxmayaraq ki, “Ayaks”la təcrübəm var, ancaq “Yuventus”da çox şey öyrənəcəm. Qərar verərkən çox düşünməli oldum. Ümid edirəm ki, əlimdən gələn hər şeyi edəcəm. Baş məşqçi Mauritsio Sarri ilə də danışdım. O, məni bura gətirən səbəblərdən biridir. Onun müdafiə xəttini yaxşı qurduğunu bilirəm.

“Yuventus” forması ilə şəklim? Bəli, 2006-cı ildə Fabio Kannavaronun oyununu izləyib, ona heyran olmuşdum. O zamandan bəri “Yuventus”a həmişə xoş hisslərim olub. “Ayaks”la da Turində oynayarkən azarkeşlərin dəstəyinə heyran qalmışdım. 4 nömrəli formanı geyinəcəm. Çünki bu rəqəm mənim üçün xüsusidir”.

“Yuventus” de Liqti “Ayaks”dan 75 milyon avro qarşılığında transfer edib.