“Məşqçilərimizin hansısa uğuru olmayıb ki, onların ardınca gedək” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovdur:

  • Arif bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Təbii ki, seçdiyim yol məni qane edir. Yəqin, yenə bunu seçərdim. Həyatımdan razıyam.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Düşündürücü sualdır (gülür). Bu, mənim əlimdə olmaz. Dünyanın taleyi mənim yox, Allahın əlindədir. Əlbəttə, insanların insanlara, dövlətlərin dövlətlərə münasibətlərini normallaşdırardım. İstəyərdim ki, həyatda hər kəs yaxşı yaşasın. Beş günlük dünyadır, insanlar elə yaşamalıdır ki, getdikdən sonra pis olmasınlar. İstəyərdim ki, müharibələr də olmasın.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda bu söz özünü doğruldurmu?
  • Statistika elədir ki, bəzi reallıqları əks etdirmir. Ferqyusonun sözüylə razıyam.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Bəlkə də, başqa kapitalist ölkələrdə doğulsaydım – Almaniya, İtaliya kimi yerlərdə olsaydım, futbolçu kimi daha yüksək səviyyəyə çata bilərdim. Bəlkə də, daha parlaq karyeraya sahib olardım. Buna da şükür. Bu, bir taledir. Məşqçilərin uğur qazana bilməməsiylə bağlı nəsə demək çətindir. Çünki xaricdə 2-3 məşqçimiz olub, onlar da İran, Qazaxıstan kimi ölkələrdə. Bizim futbolumuzun o dərəcədə güclü reytinqi yoxdur ki, deyək, bizə yuxarı nöqtədən baxsınlar. Buna görə də, nəsə qazanmaq çətindir, imic baxımından deyirəm. Bundan başqa, məşqçilərimizin hansısa uğuru olmayıb ki, onların ardınca gedək. Eləcə də futbolçularımızın. Əvvəl Vəli Qasımov, Nazim Süleymanov gedirdi və davamı gəlirdi. Ancaq indi elə bir şey yoxdur ki, davamı gəlsin. Futbolçularımız xaricə çıxa bilmir. Burda da mentalitet, xarakter, bəzi peşəkar cəhətlər var ki, axsayırıq. Ona görə də, istədiyimizə nail ola bilmirik.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • İndiki vəziyyətdə demək çətindir. Bunun üçün gərək aşağı yaşlardan hansısa bünövrə qurulsun və uşaq oynayıb, əsas komandaya keçsin. Bu, kompleks şeydir. Sırf bir şeylə əlaqələndirib, düzgün nəsə demək çətindir. Ümumilikdə, futbolda uğur qazanmaq çətindir. Bunun üçün gərək kompleks şəklində işlər görülsün. Bir şeyin üzərində durmaq çox çətindir.

Şahin Cəfərov