Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis, 0:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Uels millisini təbrik edirəm. Onlar çox yaxşı komandadırlar. Layiqli qələbə qazandılar. Onlar ümumi bacarıq etibarı ilə bizdən güclü idilər. Yenə standart vəziyyətdən qol buraxdıq. Rəqibin belə epizodlarda təhlükəli olduğunu bilirdik. Bu dəfə də bunun öhdəsindən gələ bilmədik. Bizim də şanslarımız oldu. 10-12 künc zərbəmiz oldu. Ancaq dəyərləndirə bilmədik. Son ötürmələrdə, son 20 metrdə istədiyimizi edə bilmirdik. Buna görə də təhlükəli vəziyyətlərimiz az oldu. Penalti epizodunda köməkçilərimin dediyinə görə, təmiz penalti var idi. Bəlkə də, penalti verilsəydi, nəticə başqa olardı. Uelsin heyətində güclü oyunçular var, yüksək liqalarda oynayırlar. Biz tərəfdə də itkilər var idi. Maksim Medvedev, Eddi İsrafilov yox idi. Bəlkə də, onlar olsaydı, daha yaxşı oyun göstərərdik.
  • Cəmi 1 xalımız var. Necə düşünürsüz, bu, Azərbaycan futbolunun potensialına uyğundurmu?
  • Bizim qrupumuzda güclü komandalar var. Bizdən üstündürlər. Bu, o demək deyil ki, biz zəif deyilik, sadəcə, onlar güclüdürlər. Səfər oyunlarında pis çıxış etmədik. Macarıstanla oyunda olanları bilirsiz, ikinci xalımızı qazana bilərdik. Rəqib komandaların heyətində keyfiyyət, təcrübə bizdən bir neçə dəfə çoxdu. Daha çox xal almağımız mümkün idi, müəyyən hallarda bəxtimiz gətirsəydi. Bəzi oyunlarda həlledici səhvlər etdik. Sona qədər mübarizə aparmalıyıq. Slovakiya ilə oyun asan olmayacaq. Hazırkı nəticələr bizim üçün yaxşı deyil. Ancaq biz cavan oyunçuların da təcrübə qazanması üçün nələrsə etdik.
  • Oyundan sonra AFFA rəhbərliyi sizinlə görüşdümü?
  • Oyundan sonra rəhbərlikdən heç kimi görməmişəm.
  • Qrupu sonda 1 xalla bitirsək, qərarınız necə olacaq? Qalacaqsız, yoxsa getmək istəyirsiz?
  • Qazandığımız 1 xaldan mən də razı deyiləm. Ancaq gələcək 5-10 il üçün potensiallı oyunçuları heyətə cəlb etməyə çalışdıq. Hazırda işimlə bağlı danışmaq düzgün deyil. Qarşıda Slovakiya ilə oyunumuz var. Mənim uzunmüddətli müqaviləm yoxdur, fevralda bitir. İndi gələcəklə bağlı nəsə demək çətindir. Slovakiya ilə oyundan sonra kifayət qədər vaxtımız olacaq bunları danışmaq üçün. Azərbaycanı, Bakını sevirəm. Komandadan da narazılığım yoxdur. Bundan sonra da daha yaxşı nəticələr gözləmək mümkündür.

Şahin Cəfərov