“Hazırda “Barselona”nın Neymarı həqiqətən transfer edəcəyinə inanmırıq” – PSJ rəsmisi

PSJ-dən ayrılaraq, “Barselona”ya keçəcəyi deyilən Neymarla bağlı Fransa klubundan açıqlama verilib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo, braziliyalı futbolçunun transfer məsələsiylə bağlı danışıb:

“Qarşı tərəfdən hər kəsə uyğun təklif alacağımız halda, Neymar klubu tərk edə bilər, amma hazırda kim, hansı qiymətə almaq istəyir, bilmirik. Neymarın ayrılmaq istədiyi dəqiqdir, amma futbolda bir insan bu gün bir söz, növbəti gün isə fərqli söz deyir. Hazırkı vəziyyət hər kəsə aydındır, amma onun klubla hələ üç illik müqaviləsi var və heç bir təklif almadığımız üçün müzakirə ediləcək nəsə yoxdur.

PSJ-nin klubda qalaraq, komanda üçün böyük işlər görəcək futbolçulara ehtiyacı var. “Barselona” ilə Neymar arasında qeyri-rəsmi danışıqlar olub, onlar futbolçunu almaq istədiklərini bildiriblər. Bizə rəsmi təklif gəlməlidir. Amma hazırda “Barselona”nın Neymarı həqiqətən transfer edəcəyinə inanmırıq”.