“Heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq” – Müsahibə

“Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az xəbər verir ki, klubun saytına müsahibə verən 21 yaşlı futbolçu, azarkeşsiz oynamağın çox çətin olacağını bildirib:

  • “Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?
  • Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, “Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.
  • Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiz?
  • Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.
  • İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?
  • Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.
  • Mövsümün son 8 oyunundan nə gözləyirsiz?
  • Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq, çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.