“Neftçi”dən yeni anlaşma – 1,5 illik

Bu gün “Neftçi” klubu ilə “Meqa Sığorta” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, komandanın üzvləri, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər.

Quliyev bu tərəfdaşlığın hər tərəf üçün faydalı olacağını bildirib:

“Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdür. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gündən “Meqa Sığorta” şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək”.

Klub prezidenti müqavilənin maliyyə tərəfləri barədə məlumat verməsə də, illik hesabatı açıqlayan zaman sponsorlardan gəlirləri də göstərəcəklərini diqqətə çatdırıb.

Tərəflər 1,5 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən “Neftçi”nin əsas və əvəzedici heyətinin oyun formasının arxa hissəsində “Meqa Sığorta”nın loqosu əksini tapacaq.

Bu, “Neftçi”nin 4-cü sponsorluq müqaviləsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button