“Neftçi”də maxinasiya, yoxsa… – Ayda 10105 manat maaş alan futbolçu Kamran Quliyev

Azərbaycanda futbol klublarının əksəriyyətinin SOCAR-dan, dolayısı ilə də dövlətdən maliyyələşməsi maxinasiyalara, pul yeyintisinə yol açmaq üçün əla fürsət yaradır. Buna yaxın illər üçün unudulmayan nümunə Gəncənin “Kəpəz” klubunda baş verənlər idi. AFFA-nın keçmiş mətbuat katibi Mikayıl Nərimanoğlu Müşahidə Şurasında təmsil olunduğu “Kəpəz” klubundan da, federasiyada tutduğu vəzifədən də məhz maliyyə fırıldaqçılığına görə uzaqlaşdırıldı. “Kəpəz” hardan maliyyələşir? AFFA-dan, dolayısı ilə SOCAR-dan, yenə də, dolayısı ilə dövlətdən. Bunu xatırlatmaqda məqsədimiz var. Bir az sonra oxuyacaqlarınıza görə “ola bilməz, mümkun deyil, yalandır” söyləməməniz üçün xatırlatmaqda fayda var.

“Ailə” TV-dən “Neftçi”yə

Quliyev Kamran Fikrət oğlu. Onu hamımız “Neftçi” klubunun prezidenti kimi tanıyırıq. 1978-ci il iyulun 16-da dünyaya göz açan Kamran Quliyev AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun birbaşa dəstəyi və yardımı ilə futbol sahəsinə qədəm basana kimi tamamilə başqa sahələrdə fəaliyyət göstərib. O, 1997-98-ci illərdə “Most-Bank Azərbaycan”ın (“Bank Standart”) plastik kartlar departamentində mütəxəssis kimi iş fəaliyyətə başlayıb. 2001-03-cü illərdə “Studiya Plyus” MMC-də (internet layihələrin yaradılması) baş direktor olub. 2003-06-cı illərdə “Azərbaycan Beynəlxalq Bankı”nın marketinq departamentində baş mütəxəssis vəzifəsini yerinə yetirib. 2006-09-cu illərdə “Ailə” TV kabel televiziyasının baş direktoru vəzifəsini icra edib. Nəhayət, 2009-cu ildən futbol sahəsinə keçib. 2009-11-ci illərdə AFFA-nın texniki departamentində texniki direktorun müavini vəzifəsində işləyib. 2011-18-ci illərdə “Sumqayıt” klubunun prezidenti olub. 2018-ci ildə isə bir gecənin içində Elxan Məmmədov Quliyevi “Neftçi”nin prezidenti vəzifəsinə təyin edib, ya da etdirib.

Aylıq 10105 manat məvacib alan futbolçu Kamran Quliyev

Düzü, Kamran Quliyevlə bağlı məlumat bizə təqdim ediləndə, əvvəlcə buna inanmadıq. Amma sonra Elxan Məmmədovun başqa bir sevimli kadrının – Mikayıl Nərimanoğlunun “Kəpəz” klubunda pul yeyintisinə necə bulaşdığını, buna görə tutduğu vəzifələrdən qovulduğunu yada salanda, istər-istəməz inanmalı olduq. Məlumata gəlincə…

Bəli, biz hamımız Kamran Quliyevi “Neftçi” klubunun prezidenti kimi tanıyırıq. Amma işin rəsmiyyətə töküldüyü dairələrdə, sistemdə Quliyev “Neftçi”nin prezidenti deyil, futbolçusudur! Bəli, bəli, yanlış oxumadız, futbolçusu! Adam klubun prezidenti deyil, futbolçusu kimi qeydiyyatdan keçib. Yəni sabah “Neftçi” Kamran Quliyevi Çempionlar Liqasının oyunlarına futbolçu kimi də sifariş edə bilər. Bu, maxinasiyadır, yoxsa adicə texniki səhvdir, klubdan öyrənmək istədik. “Neftçi”yə göndərdiyimiz sorğuda təkcə Quliyevin hansı səbəbdən klub prezidenti deyil, futbolçu kimi göstərildiyini soruşmadıq, onun məvacibi haqda suala da cavab istədik. Bizə verilən məlumatda Kamran Quliyevin aylıq 10105 manat məvacib aldığı görünür. Günümüzün şərtlərində bu məbləğ həddən artıq çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, professorları bu məcavibin yarısını belə, almırlar. İnternet resurslarında Azərbaycan Respublikasının prezidentinin aylıq məvacibinin 15 min manat olduğu yazılır. Yəni elə də ciddi uğuru olmayan klubun prezidentindən bir qədər çox.

“Neftçi”nin sorğumuza cavabına gəlincə, klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev “siz sorğunu göndərin, biz cavablarıq” desə də, qarşı tərəfdən heç bir cavab olmadı. Halbuki, klub rəsmilərinin sorğuya cavab verməsi üçün beş gün vaxtı oldu. Kamran Quliyevin özüylə danışmaq cəhdi də baş tutmadı. Başı ayda 10105 manat məvacib almağa qarışan klub prezidenti (ya da futbolçu) zəngimizə cavab vermədi.

Vəssalam, belə… Sonda sizə Kamran Quliyevin futbolçu kimliyinə sahib və aylıq maaşının 10105 manat olduğunu göstərən dəlil-sübutun bir hissəsini təqdim edirik. Bunu tam formada təqdim etməməyimizin tək səbəbi isə məlumat verən qaynağa, mənbəyə sayğıdan irəli gəlir. Baxın və düşünün: Azərbaycan futbolu kimlərin əllərindədir, kimlərin əlləri kimlərin ciblərindədir.

Komanda.az, İdmanxeber.az