“Neftçi”də bu vəzifə üçün ən ideal şəxs Emin Abbasovdur”

Sirr deyil ki, Azərbaycanda futbol klublarının idarəçiliyi elə də yaxşı səviyyədə deyil. Uzun illər eyni postlarda eyni adamlar əyləşirlər. Nəticə nə olur olsun, həmin adamlar postlarından ya tərpənmirlər, ya da başqa klublara üz tutub, yarıtmaz idarəçiliklərinə davam edirlər. Halbuki gənc, yeni kadrlara şans vermək olar. Amma təəssüf ki, Azərbaycan futbolunda gənc kadrlara klubların mətbuat katibi postundan daha yüksək vəzifələr tapşırılmır.

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev də gənc kadrlara şans verilməli olduğunu düşünür. Həmzəyev, bir müddət “Sabah” klubunun idarəçiliyində olmuş idman jurnalisti Emin Abbasov kimi kadrların hazırda kənarda qalmasından narazı və narahatdır:

“Hər zaman jurnalistlər mənə dəstək, tribuna veriblər, bu dəfə mən onlar barədə danışmaq istəyirəm, xüsusilə də, Emin Abbasov haqqında. Sosial şəbəkədə oxudum ki, “Qarabağ”da boş qalan mətbuat katibi vəzifəsi üçün Eminə təklif göndərilib, amma o, bunu qəbul etməyib. Onun telekanaldakı müzakirələrini, fikirlərini izləyirəm. Düşünürəm ki, hazırda Emin Abbasovun işi daha fərqli olmalıdır. Onun yüksək futbol biliyi, savadı, idarəetmə bacarığı var. Əvvəllər “Sabah”da çalışdı, klubdan ayrılandan sonra komandanın hansı vəziyyətə düşdüyünü bilirik. Əminliklə deyə bilərəm ki, Premyer Liqada hər kluba belə şəxs, kadr lazımdır. Bir müddət əvvəl açıqlamalarımın birində bildirmişdim ki, “Neftçi”yə Samir Abasov kimi məşqçi lazımdır, klubdan belə bir xahiş də etmişdim. Sağ olsun ki, “Neftçi” rəhbərliyi bu təyinatı gerçəkləşdirdi. İndi yenə onlara müraciət edirəm. Onsuz da klubda idman direktoru vəzifəsi boşdur. “Neftçi”də bu vəzifə üçün ən ideal şəxs də məhz Emin Abbasovdur. Həm də Eminin bu baxımdan böyük təcrübəsi var. İdman direktoru, müxtəlif yaş qrupları üzrə koordinator vəzifələrində çalışıb. Emin həm də yüksək mənəvi keyfiyyətlərə sahib biridir.

Futbolumuzda, klublarda problemlər çoxdur. Bu baxımdan da Emin hər klubun ehtiyac duyduğu şəxsdir”.

Aygül Qarayeva