“İnşallah, bunun nəticəsində daha çox qol vurub, məhsuldar ötürmə edəcəm” – Müsahibə

“Neftçi” klubunun kapitanı Emin Mahmudovun Komanda.az saytına müsahibəsi:

  • Emin, artıq Premyer Liqada qış fasiləsidir. Geridə qalan 13 turda komandanın çıxışını necə dəyərləndirirsən?
  • Pis olmadı. Əlbəttə, daha çox xal yığmaq istəyirdik, lakin çətin startdan sonra özümüzü toparladıq və yaxşı nəticələr qazandıq.
  • Son olaraq “Keşlə” üzərində də çətin qələbə qazandız. Oyun haqda fikirlərin necədir?
  • İlk hissədə hər şey çox da istədiyimiz kimi alınmadı. İkinci hissədə çoxlu qol imkanları yaratdıq və qələbə qazandıq. Daha çox qol vura bilərdik, lakin əsas olan qələbədir.
  • Mövsümə qələbə ilə başlasaz da, sonrakı turlarda uğursuzluq yaşadız. “Qarabağ”a 0:6 hesablı məğlubiyyət də komandada baş məşqçi dəyişikliyinə gətirib çıxardı. Həmin vaxtda komandanın çalışdırıcısı Füzuli Məmmədovun “Neftçi”sində çatışmayan nə idi?
  • Füzuli müəllimdə nə çatmadı deyə bilmərəm. Bilmirəm, niyə alınmadı. Bəzi oyunlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Yenə də, əsas olan nəticə idi. Füzuli müəllimə bizimlə çalışdığına görə təşəkkür edir, ona uğurlar arzu edirəm.
  • Füzuli Məmmədov oyunlardan sonra təşkil olunan mətbuat konfrsanlarında futbolçularda istək olmadığını, onları oyunlara kökləməkdə çətinlik çəkdiyini qeyd edirdi. Komanda daxilində nə baş verirdi?
  • Deyə bilmərəm ki, bizdə istək yox idi. Sadəcə, oyunumuz alınmırdı.
  • Bəs Samir Abasovun gəlişindən sonra nə dəyişdi ki, komanda dörd oyunda üç qələbə qazandı?
  • Əvvəlcə taktika dəyişdi və nəticələr gəlməyə başladı. Hazırda biz qələbələrimizi sıralayırıq və əsas olan da budur.
  • Emin, bu mövsüm Premyer Liqada 9 oyuna 4 məhsuldar ötürmə vermisən. Öz oyununu necə qiymətləndirirsən?
  • Dayaq yarımmüdafiəçisi üçün pis nəticə deyil. Füzuli müəllimin vaxtında daha çox arxada oynayırdım. Mənim işim top saxlamaq, arxada qalmaq və komandanı əks-hücuma çıxarmaq idi. Samir müəllimin gəlişindən sonra daha çox irəli çıxıram. İnşallah, bunun nəticəsində daha çox qol vurub, məhsuldar ötürmə edəcəm.
  • Yaxşı formada olsan da, bəzən milliyə çağırılmır, çağırılsan da, heyətdən kənarda qalırsan. Səncə, səbəb nədir?
  • Bu haqda heç nə deyə bilmərəm.
  • Özünə də maraqlı gəlmirmi ki, yığmaya oynamayan futbolçular dəvət alır, ancaq sən yox?
  • Mənim işim meydanda futbol oynamaqdır və məşqçilərin işinə qarışmaq istəmirəm. Hər məşqçinin öz fikri, öz taktikası var və buna uyğun da futbolçular seçir.
  • Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şansını necə dəyərləndirirsən?
  • Çətin qrupa düşmüşük. Çünki rəqiblər bizdən yaxşıdır. Düşünürəm ki, biz də əlimizdən gələnin maksimumunu edəcəyik.
  • Uzun müddətdir “Neftçi” ilə Premyer Liqada çıxış edirsən. Gəldiyin gündən bu vaxta Azərbaycan futbolunda nələr dəyişib?
  • Çox dəyişiklik olmayıb. Bircə ot örtüyü yaxşılaşıb. Mən təzə gələndə süni ot örtüklü meydançalar çox idi.
  • Bəs Azərbaycan Premyer Liqasının səviyyəsi necə?
  • Elə də ciddi fərq olduğunu düşünmürəm. Aşağı-yuxarı eyni səviyyədir.
  • “Neftçi” ilə bu mövsümdə hədəflərin nədir?
  • Əsas məqsədimiz növbəti oyunlarda qələbə qazanmaqdır. May ayında baxarıq, görək nə qazandıq, nə bacardıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button