Qalmaqal: “Neftçi” rəsmiləri iranlı futbolçunun menecerinin pulunu vermək istəmir

“Neftçi”nin iranlı futbolçu Saman Nəriman Cahanı heyətinə qatdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, futbolçunun meneceri Xanbaba Daşdıdır. Menecer dünən sosial şəbəkə hesabından futbolçunun transferini açıqlamışdı:

“Yeni transferim 1,5 illik “Neftçi”də! Hər iki tərəfə xeyirli olsun. Təqdimatda iştirak etməməyimin səbəbini isə yaxın günlərdə açıqlayacam”.

Bizdə olan məlumata görə, Daşdının meneceri olduğunu dediyi futbolçunun təqdimat mərasimində görünməməsinin səbəbi “Neftçi” rəsmiləri ilə aralarında olan narazılıqdır. Belə ki, Cahanın Azərbaycana gəlməsində onun meneceri Daşdının birbaşa rolu olsa da, “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov futbolçu ilə tez-tələsik görüşərək, onun klubla müqavilə bağlamasına nail olub. Yəni başqa sözlə, Daşdı bu məsələdə “ofsayd”a salınıb. Bu isə o deməkdir ki, “Neftçi” iranlı futbolçunun agenti olduğuna dair əlində sənədi olan Xanbaba Daşdıya bu transferdən çatmalı olan faizi – pulu ödəmək istəməyib, hazırda da istəmir.

Hazırda Daşdı ilə “Neftçi”, xüsusilə də, Ceyhun Sultanov arasında danışıqlar davam edir. İranlı futbolçunun meneceri olduğunu deyən, onun “Neftçi”yə keçidində rolu olduğunu bildirən Daşdı, ona çatmalı olan pulu tələb edir. Bakı klubunun prezidenti Kamran Quliyevlə Ceyhun Sultanovun isə həmin pulu menecerə vermək istəmədikləri, öz ciblərinə qoyduqları deyilir. Məsələ hansı sonluqla bitəcək, bunu qarşıdakı günlərdə biləcəyik.