“Neftçi” ilə oyunda qollarımın davamını gətirmək istəyirəm”

Avstriyanın “Rapid” komandasının yarımmüdafiəçisi Patrik Qrayl Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı qarşılaşma olacaq. “Neftçi”nin fərdi cəhətdən güclü futbolçuları var. Amma evdə oynamağımız bizə əlavə ruh verir. Səfərdə uduzsaq da, bu görüşdə mütləq qalib gəlməliyik”.

Qrayl cari mövsüm yavaş-yavaş formaya düşdüyünü söyləyib: “Sabahkı qarşılaşmada da qollarımın davamını gətirmək niyyətindəyəm”.

Oyunçu “penaltilər seriyası üçün xüsusi məşqlər keçmisinizmi” sualını isə bu cür cavablandırıb: “Toplanış zamanı məşqlərdə bunu həmişə etmişik. Ehtiyac duyulacağı təqdirdə, penaltilərdən dəqiq yararlanmağa çalışacağıq”.

Sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.