“Neftçi” 60 il öncə məğlub etdiyi rəqibə qarşı

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyə nəhəngi “Qalatasaray”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi qardaş ölkənin 4 ən böyük klubundan biridir.

Ölkəmizdə də çoxlu sayda azarkeşi olan “Qalatasaray” 1905-ci ildə yaradılıb. Klubun hazırkı prezidenti Mustafa Cengiz, baş məşqçisi Fatih Terimdir. Komanda ev oyunlarını 52652 tamaşaçı tutumuna malik olan “Türk Telekom Arena”da keçirir.

22 dəfə Türkiyə çempionatının, 18 dəfə ölkə kubokunun, 16 dəfə isə Super Kubokun qalibi olan İstanbul təmsilçisi 2000-ci ildə UEFA Kubokuna, ardınca UEFA Super Kubokuna sahib çıxıb.

“Qalatasaray” 2019/20 mövsümünü 6-cı yerdə başa vurub. Lakin vitse-çempion və ölkə kubokunun qalibi “Trabzonspor” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Super Liqanı 5-ci pillədə bitirən “Alanyaspor” avrokuboklara vəsiqəni kubokun finalçısı kimi əldə edib. Buna görə də 6-cı yerin sahibi “cim-bom” da Türkiyəni qitəmiqyaslı turnirdə təmsil etmək hüququ qazanıb.

“Neftçi” indiyədək “Qalatasaray”la iki dəfə qarşılaşıb. Hər iki matç yoldaşlıq oyunu olub. 1960-cı ildə Bakıda reallaşan görüşdə Azərbaycan klubu 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.