Rusiya sindromu və ya 30 milyon avroya qarşı mübarizə Yazı+Fotolar

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” 1-ci mərhələdə Moldova “Speranta”sını rahatlıqla keçdi. Bakı təmsilçisi ilk oyunda səfərdə 3:0 hesabıyla məğlub etdiyi rəqibini, cavab matçında darmadağınla yola saldı – 6:0. 2-ci mərhələdə isə “Neftçi”ni daha çətin rəqib gözləyir. Bəs bu “Arsenal” necə komandadır? “Ağ-qaralar”ın Tula təmsilçisini mübarizədən kənarlaşdırmaq şansı nə qədərdir?

Tula şəhərini təmsil edən “Arsenal”ın əsası 1946-cı ildə qoyulub. 1984-cü ildə ilk dəfə “Arsenal” adlanan komanda, müxtəlif dövrlərdə “Zenit”, “Trud”, “Şaxter”, “Metallurq”, TOZ kimi fərqli adlarla çıxış edib. 2007/2008 mövsümündə “Orujeynik” adlanan komanda, 2008-2011-ci illərdə “Arsenal Tula”, 2012-ci ildən isə “Arsenal” adı altında fəaliyyət göstərir.

“Arsenal” – 1984

“Arsenal” 2013/14 mövsümündə Rusiya 2-ci liqasında 2-ci pilləni tutaraq, klub tarixində ilk dəfə olaraq Premyer Liqaya vəsiqə qazanıb. İlk mövsümündə uğursuzluq yaşayan Tula təmsilçisi, elə həmin mövsümdə də elitanı tərk edib. Komanda 2015/16 mövsümündə yenidən 2-ci liqada 2-ci yeri tutaraq, elitaya yüksəlib və o ildən bəri, sabit olaraq Rusiya Premyer Liqasında iştirak edir.

“Arsenal”ın “transfermarkt”-da ümumi dəyəri 30,13 milyon avrodur. Komandanın heyətində ən bahalı futbolçu isə Maksim Belyayevdir. Müdafiənin mərkəzində çıxış edən oyunçunun transfer dəyəri 4,5 milyon avrodur.

Komandanın baş məşqçisi isə İqor Çerevçenkodur. Tacikistan əsilli rusiyalı mütəxəssis 2018-ci ilin noyabrından komandaya rəhbərlik edir.

“Arsenal”ın heyətində 11 legioner var. Komanda ev oyunlarını 20200 nəfərlik tutumu olan “Arsenal Arena”da keçirir.

“Arsenal”ın baş məşqçisi İqor Çerevçenko

“Arsenal” son mövsümdə Rusiya Premyer Liqasında 6-cı yeri tutaraq, klub tarixinin ən yaxşı göstəricisinə nail olub. Komandanın bu uğurunda əsas pay sahibi isə 8 qolla Zelimxan Bakayev olub. İcarə əsasında “Arsenal”da çıxış edən 23 yaşlı hücumçu, artıq müqavilə ilə məxsus olduğu “Spartak”a qayıdıb.

Zelimxan Bakayev

“Arsenal” tarixində ilk dəfə olaraq Avropa Liqasında iştirak etmək hüququ qazanıb. Ancaq “Neftçi” bundan əvvəl də avrokuboklarda mübarizə aparıb. “Ağ-qaralar” 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edib. H qrupunda yer alan “Neftçi”nin rəqiblərindən biri məhz Rusiya təmsilçisi – “Rubin” klubu idi. “Ağ-qaralar” Kazan təmsilçisinə hər iki oyunda eyni hesabla məğlub olub – 0:1. “Neftçi” avrokuboklarda bir dəfə də, 2004-cü ildə Rusiyanın ÇSKA klubu ilə qarşılaşıb. Bakıdakı görüş 0:0 hesabı ilə yekunlaşıb, Rusiyadakı matçda isə Moskva təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

“Neftçi” “Arsenal”la ilk oyununu səfərdə keçirəcək. Qarşılaşma iyulun 25-də, saat 21:00-da start götürəcək. Cavab matçı isə avqustun 1-də, Bakıda olacaq.

“Neftçi” növbəti dəfə Rusiya klubuna qarşı mübarizə aparacaq və şimal qonşularımızla görüşlərdəki uğursuzluğa son qoymağa çalışacaq. Bu, nə qədər alınacaq, zaman göstərəcək.

Komanda.az