Necə alındı?

Vüqar Məmmədov

Lüksemburqla oyundan sonra hiss olunurdu ki, futbolçulardan heç kim yayımı aparan telekanala danışmaq istəmir. Adətən qalib gələrkən hamı bunda pay sahibi olmaq istəyir. Məğlubiyyətə isə kimsə yiyə durmaq istəmir, hamı bir-birinin üstünə “tullayır”.

Futbolçularımızın danışmaq istəməməsi, həm də, “camaat içinə çıxmağa üzlərinin olmaması” səbəbindən ola bilər. Bəlkə də, buna görə danışmağa üzü olanlar, qol vuran Ramil Şeydayev və qol ötürməsini verən Namiq Ələskərov gəlmişdi. Amma onlar da çox qısa danışdı.

Daha sonra Maksim Medvedev gəldi. O, bir kapitan kimi komanda yoldaşlarını, hətta “qırmızı” alan Mahir Emrelini bacardığı qədər müdafiə etdi. Bildirdi ki, bu oyunu tezliklə unudub, növbəti görüş haqqında düşünməlidirlər. Bir kapitan nələri deməlidisə, onları dedi.

Haşiyəyə çıxaraq qeyd edim ki, Maksimdə liderlik keyfiyyətləri var. Bu, “Qarabağ”da nəzərə çarpır. Amma millidə, Nikola Yurçeviçin dövründə o qədər də diqqət çəkmirdi. Son iki oyunda isə düşünürəm ki, o, liderlik keyfiyyətlərini göstərdi. Amma zənnimcə, hələ tam deyil. Ümid edək ki, olacaq. Burda baş məşqçinin kapitana dəstək verməsindən çox şey asılıdır. Görünür, Canni De Byazi bunun fərqindədir. Əlavə edim ki, əsl liderlik təkcə komandada yoldaşlarının üstünə qışqırmaqla, bağırmaqla olmur. Bəzən onun nəfəsi, bir baxışı futbolçular üçün bəs edir.

Nə isə, qayıdaq hadisə yerinə. Maksim danışıb qurtardıqdan sonra, gedərkən yolüstü, kadr arxasında qalan xanım müxbirə gülümsəyərək, “necə alındı” soruşdu və bu səs televiziyadan eşidildi. Mən dərhal bildim ki, bu, sakit, qalmaqalsız bitməyəcək. Məğlubiyyət, üstəlik nəzərə çarpmayan oyunla olan məğlubiyyət onsuz da azarkeşləri, tamaşaçıları dilxor eləmişdi və onlar hirslərini tökməyə, qəzəblərini boşaltmağa adam axtarırdılar. Və buyur, bu da rus demişkən, “tema”. Düzü, bu, bir azərbaycanlı futbol azarkeşi kimi məni narahat etmişdi. Çünki Maksimin qarşıdan milli ilə, eyni zamanda Çempionlar Liqasında vacib oyunları gəlirdi. Əhəmiyyətli bir oyunçunun bu oyunlara psixoloji zədə ilə girməsi, həm onun özü, həm də komandası üçün yaxşı nəticələnməzdi. Amma görünür, özünün xarakterli olması və həm də, çox güman ki, məşqçinin onunla söhbəti bu psixoloji durumdan çıxmağa kömək edib.

Ağır, acı məğlubiyyətlərdən sonra futbolçularda ruh düşkünlüyü, depressiya yaranır. Mütəxəssislərin fikrincə, onları bu vəziyyətdən mümkün qədər tez çıxarmaq lazımdır. Çünki qarşıdan növbəti oyunlar gəlir və futbolçuya bu halla, motivasiyasız oyuna çıxmaq olmaz. Ona görə də, məşqçilər, lider oyunçular, kapitanlar məğlubiyyətdən sonra özlərini mümkün qədər tox tutur, lazım gəlsə, zarafatlar edir, nisbətən gənc və təcrübəsiz, eyni zamanda depressiyaya meylli oyunçuları belə ağır vəziyyətlərdən çıxarmağa çalışırlar. Maksimin özünü tox tutub danışması da bununla bağlı idi. O kapitandır, liderdir, başqa cür ola da bilməz, komandir ən ağır məğlubiyyətdən sonra da özündə güc tapıb döyüşçüləri ruhlandırmalıdır.

İndi də gələk əsas məsələyə, yəni “necə alındı” məsələsinə. Ehtimal edirəm ki, Ramil Şeydayev və Namiq Ələskərovun qısa danışması, elə də ciddi bir fikir bildirməmələri səbəbindən bəlkə də, kadr arxasında olan xanım müxbirlə Maksim arasında bu barədə dialoq yaşanıb və jurnalist kapitandan bir qədər geniş danışmasını xahiş edib. Maksimin də danışandan sonra mikrofona düşən “necə alındı” sualını bu dialoqun məntiqi davamı kimi başa düşmək olardı. Lakin bu bir ehtimaldır, biz bilmirik ki, onların arasında belə bir söhbət olub, ya yox.

Yuxarıda oxuduqlarınızı mən dünənki oyundan dərhal sonra yazmışdım, bu gün isə Maksimin müsahibəsini oxudum və məlum oldu ki, kadr arxasında həqiqətən kapitanla jurnalist arasında “necə alındı” soruşulmasına gətirib çıxarmasına səbəb olan dialoq baş verib. Amma hətta bu dialoq baş verməsəydi belə, istənilən halda, hər bir şəxs istəyər ki, publika qarşısına çıxanda yaxşı görünsün, yaxşı çıxış etsin. Bu səbəbdən Maksimi hardasa başa düşmək olar.

O ki qaldı bu sözü soruşarkən futbolçunun gülümsəməsinə, bir xanımla danışanda bir kişinin əhvalı nə qədər pis olsa da, üz-gözünü turşutmayıb, əksinə, gülümsəməsi etik norma, nəzakət nümunəsi hesab olunur. Xüsusən, keçmiş sovet, eyni zamanda Avropa mədəniyyətində. Maksimin etnik mənsubiyyətinə baxsaq, bunu da normal qəbul etmək olar. Ancaq əlavə edim ki, diqqətlə baxsaydız, kapitanımızın yalnız üzü gülürdü, gözləri çox kədərliydi, yenə də ehtimal edirəm ki, məğlubiyyət səbəbindən.

Maksimin sosial şəbəkədə sərt tənqid olunmasına gəlincə, bu, tamamilə başadüşülən idi. Yaxşı ki, kapitan növbəti oyunda əsl liderlik nümunəsi göstərdi, əla oynadı, qələbəni gətirən qolu vurdu və üstündəki bu “yükü” ata bildi.

Bu gün Maksim müsahibə verərkən, söhbətin sonunda yox, elə ilk kəlməsindəcə soruşa bilər: “Necə alındı?” Amma onun sualı bu dəfə qəzəblə yox, təbəssümlə qarşılanacaq.