“Nazim Süleymanov iş görən insandır” – Müsahibə

Bir müddət əvvəl Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradıldığı haqda xəbər vermişdik. Sədri veteran futbolçu Nazim Süleymanovun olduğu qurumdan gözləntilər böyükdür. Vaxtı ilə Azərbaycan futbolunda sözünü demiş keçmiş futbolçular artıq Azad Həmkarlar İttifaqına üzv olmağa başlayıblar.

Bir vaxtlar vurduğu qollarla “Kəpəz”ə qələbələr qazandırmış, Azərbaycan çempionatının bombardiri olmuş Fazil Pərvərovun da yeni yaranan qurumdan gözləntiləri böyükdür:

  • Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının yaradılmasına münasibətiniz necədir?
  • Münasibətim yaxşıdır. Nazim Süleymanov iş görən insandır. Ümid edirəm ki, futboldan kənar qalan adamlar onun köməyi sayəsində işləmək imkanı qazanarlar.
  • Bu qurumdan gözləntiləriniz nələrdir?
  • Onun öz fəaliyyətini davam etdirməsi üçün bu, təsdiqlənməlidir. Təsdiqlənməsə, heç nə mümkün olmaz. Nazim Süleymanov kimi, Vidadi Rzayev kimi kənarda qalan keçmiş futbolçular var. Hamısı işsiz-gücsüz qalıb. Bu qurumun fəaliyyəti təsdiqlənsə, hər şey yaxşı olar.
  • Azərbaycan Premyer Liqasını izləyirsiz? Çempionatın səviyyəsi sizi nə dərəcədə qane edir?
  • Yalnız Bakıya məxsus olan bir futbol çempionatı ilə heç cür razı ola bimərəm. Çünki çox şey – futbolun inkişafı bölgə klublarından başlayır, onların da əksəriyyəti kənarda qalıb. İnkişaf bölgələrdən başlamalıdır. Bizim dövrümüzdə 18 komanda vardı, bu komandalar Azərbaycanın bütün bölgələrini əhatə edirdi. Futbolun inkişafı yaxşı idi.
  • Hazırda hansı işlə məşğul olursuz?
  • Hazırda işləmirəm, heç bir işlə də məşğul olmuram.
  • Sizə futbola qayıtmaq, hansısa vəzifədə işləmək təklif olunubmu?
  • Xeyr, heç bir dəvət almamışam.
  • Bəs belə bir təklif olsa, razılaşarsız? Futbolun içində olmaq istəyərsiz?
  • Təbii ki, istəyərəm. Ömrü futbolla keçən biri sonradan futboldan kənarda qalmaq istəyər ki?! Çox çempionluqlar yaşamışam, Azərbaycan çempionatının bombardiri olmuşam, Gəncədə ən çox qol vuran futbolçu olmuşam. Öz bildiklərini gələcək nəsillərə öyrətməyi kim istəməz ki?
  • Milli komanda ilə bağlı da fikirlərinizi öyrənmək istərdik. Yığmamızın hazırkı səviyyəsi, keçirdiyi oyunlarda nəticələri…
  • Milli komanda ilə bağlı nəsə deyə bilmərəm, çünki hər şey görünür. Federasiyanın apardığı iş göz qabağındadır. Milli komanda ilə bağlı nələrsə deyə bilmərəm, çünki bu, mənə aid deyil. Matçları arada izləyirəm, amma qənaətbəxş oyun olmadı, yüksək səviyyədə çıxış edə bilmədilər. Ona görə də, milli komanda ilə bağlı nəsə deyə bilmərəm.
  • Qarşıdan milli komandanın AÇ-2020-nin seçmə mərhələ oyunları gəlir. Bu oyunlardan gözləntiləriniz nədir?
  • Bu haqda nəsə deyə bilmərəm. Düzü, mən milli komandanın oyunlarına heç baxmıram. Çempionatın səviyyəsi aşağı olduğu üçün maraqlanmıram. Amma istəyərdim ki, futbolun inkişafı bölgələrdən başlasın. Bölgələrdə inkişaf olsa, milli komanda səviyyəsində də inkişaf olar.
  • Həm milli komandanın, həm də çempionatın hazırkı səviyyəsinin sizi qane etmədiyini dediz. Sizcə, problemin kökü nədədir?
  • Futbol bölgələrdən başlayır. Bölgələri inkişaf etdirə bilməsək, futbol inkişaf edə bilməyəcək. Bir yerdə ki, futbol mərkəzə bağlıdır, mərkəzə bağlı olan yerdə də inkişafdan söhbət gedə bilməz. Belə deyək, uşaq ilk addımlarını baxçada atır, sonra gedir orta məktəbə, beləliklə, pillə-pillə qalxır. Futbolda da hər şey bölgələrdən başlamalıdır. Elə Azərbaycanda futbolun bünövrəsi hesab olunan Gəncədə hazırda bu baxımdan vəziyyət göz qabağındadır.

Aygül Qarayeva