Nazarov Almaniyada əvəzlənməsinə sərt etiraz etdi

Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov qalmaqala səbəb olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu ikinci Bundesliqanın 33-cü turu çərçivəsində “Verder”ə 0:3 hesabı ilə uduzduqları oyunda əvəzlənməsinə sərt etiraz edib.

73-cü dəqiqədə meydandan çıxan Nazarov söyüş söyməklə yanaşı, narazılığını qışqıraraq bildirib. O, ehtiyat oyunçular skamyasına zərbə endirib və su qutusunu təpikləyib.

Futbolçu baş verənlərlə bağlı Almaniya mətbuatına açıqlamasında bunları söyləyib: “Bir dəqiqəlik əsəbiləşdim. Oynamağa davam etmək və komanda yoldaşlarıma kömək etmək istəyirdim. Hesab 0:1 olanda hər zaman nə isə etmək mümkündür. Ancaq baş məşqçi Pavel Doçev hər şeyi mənə izah etdi və artıq hər şey yaxşıdır”.

23 xalla 17-ci pillədə qərarlaşan “Ersgebirge”nin aşağı liqaya düşəcəyi dəqiqləşib.