Naxçıvan futbolunda yeni sədr

İyunun 13-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada futbolun inkişafı üçün əlverişli şərait yaradılıb. Belə ki, muxtar respublikada şəhər və rayonları ilə yanaşı, kəndlərində də müasir stadionlar tikilərək istifadəyə verilib, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Sonra rayonlarda fəaliyyət göstərən futbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında futbolun inkişafı üçün atılacaq adımları müzakirə ediblər.

Çıxışlardan sonra iclasın gündəliyində duran məsələyə əsasən federasiyanın sədri müəyyən olub. Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Yeni seçilən sədr çıxış edərək bildirib ki, muxtar respublika rəhbəri tərəfindən hər zaman idmana və idmançılara diqqət və qayğı göstərilir. Azad Cabbarov Futbol Federasiyasının bundan sonrakı fəaliyyətinin günün tələbləri səviyyəsində qurulacağını, uşaq, yeniyetmə və gənclərin bu növə cəlbinə diqqətlə yanaşılacağını vurğulayıb. Sonda o, yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Sonda Futbol Federasiyasının qərar layihəsi oxunub və təsdiq olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button